Aşıq Əli: “Aşıq sənətini Ədalət yox, mən diriltdim”

8 Sentyabr 2012 19:23 (UTC+04:00)
"Aşıq sənətinə maraq yaratmaq nə Samirənin işidir, nə də mənim. Ustadlar Dədə Ələsgərdən üzü bu yana aşıq sənətinə xidmət ediblər. O dövran geridə qaldı. Samirənin nəzərinə çatdırıram ki, aşıq sənəti ölmək üzrə idi. Amma onu Aşıq Ədalət dirildə bilmirdi. Solğunlaşmışdı. Ədalət də bu sənətin necə uçuruma düşdüyünü Samirə və mənim kimi kənardan seyr edirdi. Belə bir vaxtda meydana Aşıq Əli çıxdı". Bunu AzNews.az-a açıqlamasında Aşıq Əli bildirdi.

Aşığın dediyinə görə, bəzi dəblər, qayda-qanunlar vardı ki, onu bu sənətə yaxın buraxmırdılar. Amma o, əlinə saz alandan sonra həmin dəblər xalq tərəfindən sevilməyə başladı: "Məni bir dəfə yol polisi saxladı. Dedi ki, "qardaş, mən aşıq görəndə qaçırdım. Amma səndən sonra bu sənətə məhəbbətim yarandı". Deməli, bu sənətə marağın yaranmasında mənim də rolum olub. Mənim dəvət aldığım tədbirlərə heç bir aşıq getmir. Elə hamını narahat edən də budur. Məni hamı sevir, yaşlı da, cavanda. Guya, bunu deyəni hamı sevir? Bir insan hamının qəlbinə yol tapa bilməz. Elə Samirənin özünü də müəyyən insanlar var ki, sevmir. İndi durub onu biz də açıb-ağardaq? Mən aşıqlıq sənətinin dirilməsində təkan olmuşam. Nə mən Samirəyə bir pislik etmişəm, nə də o mənə. Bu danışıqlar nə üçündü? Bir vaxt vardı ki, aramızda söz-söhbət olub. Mən bu gün həmin söhbətə qayıtmıram. Bağlandı getdi. Amma baxıram ki, Samirə xanım deyəsən olanları unutmayıb".

Aşıq Əlinin fikrincə, Samirə özü də şou-biznesdədir: "Şou nə deməkdir? Biznesdir də. Şou olmasa hardan qazanarsan? Bir də ki, Samirə haradadır? Onun özü də şou-biznesdədir. Şou göstərən, gündəmdə olan hər bir kəs biznesdədir. Qazancımız elə ordan çıxır da. Şou-biznes deyəndə xalq tərəfindən başqa cür yozulur. Xalqa elə gəlir ki, şouda ancaq estrada oxuyanlar olmalıdır".

Xatırladaq ki, Aşıq Samirə müsahibələrinin birində həmkarı Aşıq Əlinin ünvanına sərt ittihamlar səsləndirib: "O, özünü daha çox şou-biznesdə görür. Aşıq sənətinə marağı nə Əli, nə də Zülfiyyə yaratmayıb. Aşıq sənətinə marağı aşıq Ədalət yaradıb və bu günə qədər də davam edir. Desəm ki aşıq sənəti ölmüşdü, onu Əli diriltdi, yalan olar".

Bahar Rüstəmli
AzNews.az