Misir Mərdanov millət vəkillərini sərt tənqid etdi - YENİLƏNİB

10 Sentyabr 2012 13:17 (UTC+04:00)
Təhsil naziri Misir Mərdənov bugün keçirilən təhsil işçilərinin icıasında millət vəkillərini tənqid edib. Nazir deputatların iclasda iştirak etməməyindən gileylənib: "Niyə burada millət vəkilləri yoxdur? Axı burada Bakının təhsil vəziyyəti müzakirə olunur".

Məsələyə münasibət öyrənmək üçün Millət vəkilləri ilə əlaqə saxladıq.

Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev AzNews.az-a deyib ki, məlumat verilsəydi, millət vəkilləri iştirak edərdi: "İclasın keçirilməsindən xəbərsizəm. Nazir belə tənqidi çıxış etməsinin səbəbini deyə bilmərəm. Deyim ki, dəvət olunsaydıq, iştirak edərdik".

Elm və Təhsil komitəsinin üzvü Musa Qasımlı tədbirin keçirilməsindən xəbərsiz olduğunu bildirdi: "Bizə dəvət gəlməyib. Dəvətsiz getmək olmaz, axı. Nazir dəvət göndərməlidir ki, bizim də xəbərimiz olsun. Görünür, protokol işində səhvə yol veriblər. Dəvət aldığım bütün tədbirlərdə iştirak edirəm".

Komitənin digər üzvü Kamilə Əliyevanın da tədbirə dəvət olunmadığını deyib: "Hazırda Zaqataladayam. Dəvət olunsaydım, məmnuniyyətlə iştirak edərdim. Dəvətsiz şəxslərdən niyə narazılıq olunmalıdır ki?! Dəvət olunmayan yerlərə getmirlər. Təhsil işçisi olduğuma görə, dəvət aldığım bütün tədbirlərdə iştirak edirəm".

İlkin
AzNews.az



***

12:35

"15 il ərzində nə qədər çalışdımsa cəmiyyətin təhsilə olan münasibətinin müsbət tərəfə dəyişməsinə nail ola bilmədim". Bunu Təhsil Naziri Misir Mərdanov Bakının təhsil işçilərinin bu gün keçirilən konfransında bildirib.

Konfransda millət vəkillərinin iştirak etməməsini tənqid edən nazir "Niyə burda Bakıdan seçilən millət vəkilləri yoxdur? Axı burada Bakının təhsil vəziyyəti müzakirə olunur" deyə vurğulayıb. ABŞ-da valideyn- müəllim təşkilatlarınıın ən güclü qurumlar olduğunu bildirən nazir "biz isə bir millət vəkilini məktəbə gətirə bilmirik" deyib.

Elnarə
AzNews.az