BŞTİ –dən məktəblərdə rüşvət iddiasına cavab

10 Sentyabr 2012 12:40 (UTC+04:00)


"Bu il Bakı məktəblərinin birinci siniflərinə 30 mindən çox uşaq qəbul olunub. Onların arasında 5-3 nəfərinin bunun müqabilində nəsə verməsi deyilə bilər". Bunu birinci siniflərə şagird qəbulu zamanı valideynlərdən pul tələb edilməsi ilə bağlı sualı cavablandıran Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov deyib.

BŞTİ rəsmisinin sözlərinə görə, mətbuatda bu barədə yazılanların təsdiqi üçün əsaslar olmalıdır: "Qaynar xəttə də bununla bağlı məlumatlar daxil olur. Bəzən valideynlərin arzusu yerinə yetməyəndə belə söhbətlər ortaya atılır. Bakının elə məktəbləri var ki, sinfində 45 şagird təhsil alır. Amma valideynlər yenə övladını həmin sinifə qoymaq istəyir. Bu mümkün olmayanda da ortaya bəzi iddialar atılır".

23 saylı məktəbə şagird qəbulu ilə bağlı idarəyə də dəfələrlə müraciət edildiyini deyən M.Bayramov: "Bəzən bizə də bununla bağlı müraciət edirlər. Deyəndə ki, mümkün deyil, bizim barəmizdə də elə fikirləşməlidirlər ki, güya nəsə istəyirik? Cəmiyyətin ən saf hissəsi müəllimlərdir. Bu gün onların yaşayış səviyyəsinə baxın, görün məktəbə hansı nəqliyyat növü ilə gəlirlər" deyə vurğulayıb.

E.Əlosmanqızı
AzNews.az