Şəhid hərbçilərimizin sayı 9-a çatdı - SİYAHI (Yenilənib 3)

1 Avqust 2014 11:19 (UTC+04:00)
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 4 hərbçisi yaralanıb

Ötən gün düşmənlə atışmada yaralanmış hərbçimiz dünyasını dəyişib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb.

Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H. Abdinov hospitalda vəfat edib.

***
12:55

Ötən gün cəbhə xəttində şəhid olmuş Azərbaycan hərbçilərindən hamısının adı məlum olub.

APA-nın məlumatına görə, düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:

- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu
- Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov
- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov
- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov
- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov
- Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov
- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov
- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi isə yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.

***
12:33

Ermənistanla ön cəbhədə düşmənin təxribatlarının qarşısının alınması istiqamətdə döyüşdə şəhid olan daha iki hərbçinin adı açıqlandı. Şəhidlərdən biri Məmmədov Səftər Əlihüseynoğludur.

ANS PRESS-in məlumatına görə, bu barədə millət vəkil Qənirə Paşayeva məlumat yayıb: "Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirik. Millətimizin başı sağ olsun! İşğalçı Ermənistan isə Allahın lənətinə gəlsin".

Ötən gecə ermənilərin təxribat hücumu cəhdi nəticəsində şəhid olan daha bir əsgərimiz isə Xaçmaz rayonu Yeni Həyat kənd sakini Coşqunov Mustafa Əhmədcan oğludur.

O, 1996-cı ildə anadan olub. Hərbi xidmətə isə bu ilin yanvar ayında gedib.

Faktı Xaçmaz rayon icra başçının birinci müavini Yetkin Mehmanov ANS PRESS-ə təsdiqləyib. O, bildirib ki, əsgərin cənazəsi hazırda rayona gətirilir.

Allah rəhmət eləsin!

***
11:57

İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qruplarının vurduqları Azərbaycan əsgərlərindən ikisinin adı məlum olub. Tərtər rayonun Qapanlı kənd sakinlərinin ANS PRESS-in bölgə müxbirinə verdikləri məlumata görə görə, dünyasını dəyişən əsgərlərimizdən ikisi Vüqar Poladov və Elnur İbrahimovdur. Sakinlərin sözlərinə görə, onların hər ikisi müddətli hərbi xidmət qulluqçususdur.

Qeyd edək ki, iylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.

AzNews.az