Biləsuvarda şəhid gizirlərin dəfn mərasimi keçirildi

2 Avqust 2014 19:48 (UTC+04:00)
Ötən gecə cəbhənin Ağdam-Ağdərə istiqamətində düşmənin hücumunu dəf edərkən şəhid olmuş gizirlər, 34 yaşlı Pərvin Səlahəddin oğlu Əliyev və onun həmkəndlisi, 27 yaşlı Rahil Əfsər oğlu Hüseynov bu gün doğulduqları Biləsuvar rayonunun Nərimankənd kəndində torpağa tapşırılıblar.

Dəfn mərasimində kənd sakinləri ilə yanaşı, rayon icra hakimiyyəti strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin qohumları, eləcə də onların xidmət etdiyi hərbi hissənin əsgər və zabitələri iştirak ediblər. Üçrəngli Azərbaycan bayrağına bürünmüş hər iki şəhidin nəşi evlərinə, oradan isə kənd qəbiristalığına aparılıb, burada ruhlarına dualar oxunub, düşmənin həmləsini dəf edərkən göstərdikləri şücaətdən söz açılıb. Yaylım atəşindən sonra şəhid gizirlər torpağa tapşırılıb.

Qeyd edək ki, Pərvin Əliyev ailəli olub iki övad atası, Rahil Hüseyinov isə nişanlı idi.

(apa)