Dünən mülki, bu gün əsgər

4 Avqust 2014 10:09 (UTC+04:00)
Qan Turalı

Biz "Müharibə olmasın" şeirini oxuya-oxuya böyüdük.

"Qoy həmişə sülh olsun"u əzbərlədik.

Militarist bir ölkənin, SSRİ-nin məktəbində oxuyurduq, amma kitablarımız sülhlə doluydu.

Biz ikinci sinifdə olanda müstəqil dövlətimiz quruldu, amma təzə "Oxu" kitabları gəlməmişdi.

Və bu şeirləri oxuyur, əzbərləyirdik ki, sinfimizə iki uşaq gəldi.

Biri Cəbrayıldan, biri Zəngilandan…

Müharibə çoxdan başlamış, rayonlar bir-bir işğal edilmiş, döyüşlərin bizim şəhərlə məsafəsi yarı-yarıya azalmışdı.

Və biz "çinlərini tullayıb bir kəndə sədr olmaq istəyən general"ın şeirini əzbərləyib axşam Şəmistan Əlizamanlıya qulaq asırdıq.

Ziddiyyətlərimiz çoxuydu…

Bu ziddiyyətlər burulğanında sağ qalmalı idik.

Sağ qaldıq, amma yaralarla…

O günlərdə hər gün eşitdiyim xəbəri anlamırdım.

Mülki şəxslərin ölümünü xüsusi vurğulayırdı diktorlar.

Böyüdüm, tarix, hüquq oxudum.

Öyrəndim ki, müharibə zamanı mülki şəxslərin ölümü ağır cinayətdir.

Buna görə hərbçilərə məhkəmə qurulur.

Amma yenə də anlamıram.

Əsgər ölümünün adi, mülki şəxsin ölümünün ali olmasını anlamıram.

Mopassanın məşhur hekayəsini (Valter Şnafsın macərası) xatırlayırsınızmı?

Sadə, sakit bir adam olan, işdən çıxıb pivə ilə dincələn, arvadını çox sevən bir adamdır Valter.

Və müharibə bu cür Valterlərin ölümüdür.

Əsgərlərin az qala hamılsı Valterdir, sakit mülki həyatdan ölümün pəncəsinə düşmüş adamlar...

Əsgər də dünən mülki həyatda deyildimi?

Ona görə də, mülki olsun, əsgər olsun, ölüm ölümdür.

Dünyanın isə XXI əsrdə gəldiyi yer buradır: əsgər ölümü cinayət deyil, mülki şəxsin ölümü cinayətdir.

Şair demişkən, bu zalım dünyayla neyləcəksən?

kulis.az