Rusiya yenə “oyunda“ - Moskva vasitəçiliyə başladı

4 Avqust 2014 15:17 (UTC+04:00)
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərinin nizamlamanın siyasi prinsiplərinin ifadə edildiyi sənədi qəbul etməsi üçün xeyli səy göstərir. Trend-in bazar ertəsi İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda təmas xəttində baş verənlər şübhəsiz ki, narahatlıq doğurur: "Tərəflər bir-birini təxribatçı hərəkətlərdə günahlandırır, bu, əvvəllər də olub və təəssüf ki, biz uzun illərdir vaxtaşırı bu cür gərginlikləri müşahidə edirik. Lakin bu dəfə bütün bunlar kəskin qəbul edilir və təqdim edilir. Çoxsaylı insanlar ölüb və biz digər ölkələr, o cümlədən Minsk qrupunun həmsədrləri - Rusiya ilə yanaşı, ABŞ və Fransa ilə birlikdə tərəfləri maksimum təmkinli olmağa dəvət etdik, növbəti zorakılığın yaranmasına gətirib çıxara biləcək hər hansı fəaliyyətə yol verməməyə çağırdıq".

AzNews.az