Jurnalistlər hərbi toplanışa hazırdır - SORĞU

4 Avqust 2014 22:40 (UTC+04:00)
Ötən həftə cəbhə bölgəsində baş verən olaylar və bunun mediada işıqlandırılması müxtəlif reaksiyalara səbəb oldu. Bunun ardından bəzi saytlarda və sosial şəbəkələrdə Müdafiə Nazirliyinin təşəbbüsü ilə jurnalistlərin hərbi toplanışının keçiriləcəyi haqqında xəbərlər yayıldı.

"AzeriDefence" saytı hərbi mənbələrdən əldə etdiyi məlumata əsaslanaraq yazır ki, yaxın vaxtlarda keçirilməsi planlaşdırılan hərbi toplanışa televiziya, radio, qəzet-jurnal və elektron KİV-lərdə çalışan kişi jurnalistlər cəlb olunacaqlar.

Xəbərdə qeyd olunub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Müdafiə Nazirliyinin sifarişi üzrə keçiriləcək hərbi toplanışın ən azı 10 gün davam edəcəyi gözlənilir. Hərbi toplanışa istisnalar qoyulmadan həm baş redaktorlar, həm də sıravi jurnalistlər cəlb olunacaqlar. Hərbi toplanışa çağırılan Azərbaycanın cəbhə xəttinə yaxın poliqonlarının birində səhra şəraitində hərbi təlimə cəlb olunacaqlar. Eyni zamanda, jurnalistlər üçün bir günlük hərbi vəziyyət və səfərbərlik dövründə medianın və jurnalistlərin fəaliyyəti mövzusunda treninq keçiriləcək.

Bu xəbərin izi ilə müxtəlif KİV-lərdə çalışan kişi jurnalistlər və redaktorlar arasında sorğu keçirdik. Rəyini soruşduğumuz jurnalistlərdən əksəriyyəti bu addımın çox vacib olduğunu vurğulayıb, təlimdə iştirak etməyə hazır olduqlarını bildiriblər.

"Anspress" saytının müxbiri Hafiz Əhmədov hər zaman bu cür təlimlərə qatılmağa hazır olduğunu dedi: "Əlbəttə, hər zaman getməyə hazıram. Bizim jurnalistlərin hərbi bilikləri kifayət qədər deyil. Həm də çoxu hərbi xidmət keçməyib. Hərbi təhsilin verilməsi çox mühüm məslədir".

"Yeni Müsavat" qəzetinin əməkdaşı Cavanşir Abbaslının fikrincə, jurnalistlərə hərbi təlimlər keçirilsə, böyük töhfələri ola bilər: "Müharibə başlayarsa, əsas yüklərdən biri jurnalistlərin üzərinə düşəcək. Jurnalist hər şeydən əvvəl cəsarətli olmalıdır. Ona görə də, müharibə olarsa, cəsarətli mətbuat nümayəndələrinə ehtiyac duyulacaq. Hərbi təlimlər bu baxımdan önəmlidir. Jurnalist olaraq, belə bir təlim həyata keçirilsə, iştirak edəcəyəm. Bütün jurnalistləri belə təlimlərdə fəal iştiraka səsləyirəm".

"Azadlıq" radiosunun reportyoru İslam Şıxəli deyib ki, onun belə bir təlimdə iştirakla bağlı verəcəyi qərar təlimin şərtlərdən asılı olacaq: "Döyüş şəraitində reportyorun hərəkətlərini tənzimləyən xüsusi qaydalar var. Ancaq əmin deyiləm ki, Azərbaycanın Müdafiə Nazirliyi həmin qaydaların tam təmin olunmasına şərait yaratsın. Ümid edirəm hərbi təlimdə "nə edə bilərik" və "nə edə bilmərik" suallarına dəqiq cavablar tapılar".

"Turan" İnformasiya Agentliyinin reportyoru Etimad Budaqov isə belə təlimlərin daha öncə keçirilməli olduğunu bildirib: "Bu yaxşı haldır. Əslində daha əvvəl olmalydı. Bu təlimlərin istər hərbi jurnalistikanın inkişafına, istərsə də cəmiyyətin maarifləndirilməsinə, düzgün informasiya ilə təmin olunmasına çox böyük köməyi olacaq. Əgər belə təlimlər daha əvvəl təşkil edilsə idi, indi yalan xəbərlər daha az yayılardı. İnformasiya müharibəsində olduğumuz bir zamanda insanlarda bu qədər çaşqınlıq yaratmaq düzgün deyil".

Ulus Tv İnternet Televiziyasının əməkdaşı Məğrur Salmanov belə təlimlərin keçirilməsinin vacib olduğunu deyir: "Cəbhə xəttinə göndərilən jurnalist, peşəkarlıqdan əlavə, fiziki və psixoloji cəhətdən mövcud şəraitə hazırlıqlı olmalıdır. Jurnalistin hüquqi və etik tələblərdən yetərincə xəbəri olmalıdır ki, cəmiyyətə dezinformasiya ötürməsin, hərbi sirləri yaymasın. Bütün bunlar üçün hərbi təlimlərin keçirilməsi vacibdir və mən də iştirak etməyə hazıram."


Fotoqraf Əhməd Muxtar hərbi təlimin jurnalistlər üçün vacib olduğunu bildirib: "Sırf peşə bacarıqlarının artırılması baxımından çox vacibdir. Müharibə zamanı bir jurnalistin əməl etməli olduğu qaydalar, döyüş şəraitində informasiyanı toplamağın və yaymağın etik və hüquqi tərəfləri və sair haqqında biliklərin əldə edilməsi baxımından önəmlidir".

Mövzuya münasibət bildirən redaktorlar da belə hərbi təlimlər keçiriləcəyi təqdirdə qatılmağa hazır olduqlarını bildiriblər. "Qafqazinfo" saytının baş redaktoru Elbrus Ərud sualımıza "Vətən, millət üçün nə lazımdırsa edərik" deyə, cavab verib və bu cür təlimlərin keçirilməsini müsbət qiymətləndirib.

Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu Müdafiə Nazirliyinin son günlərdəki fəaliyyətindən narazılığını bildirsə də, təlimə qatılmağa hazır olduğunu deyib: "Vacib məsələdir. Ancaq bu işi nazirlik hansı səviyyədə keçirə biləcək, bu barədə söz demək çətindir. Təəssüf ki, Müdafiə Nazirliyi mətbuatla çox pis işləyir. Bunun acı nəticəsini də son günlərdə gördük və bu proses davam edir. Qorxuram bu təlimlərə də reket və ya adı olub, özü olmayan saytların, qəzetlərin əməkdaşları cəlb oluna".
Baş redaktor qeyd edib ki, əgər bu təlimlərə qatılmaq müraciət əsasında baş tutacaqsa, orada iştirak etməyə hazırdırlar.

Nərgiz Liftiyeva
musavat.com