Bəxtiyar Əliyev: “Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistana təzyiq nəticəsində mümkün ola bilər“

5 Avqust 2014 15:29 (UTC+04:00)
Dağlıq Qarabağ münaqişəsinin həllində yalnız o halda müsbət irəliləyiş əldə edilə bilər ki, ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistana ciddi təzyiq göstərsin. Bu barədə Trend-ə millət vəkili Bəxtiyar Əliyev Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 8-9-da Soçidə gözlənilən görüşünə münasibət bildirərkən deyib.

Millət vəkili əslində bu görüşdən pozitiv nəticə gözləmədiyini diqqətə çatdırıb: "Çünki Ermənistan destruktiv mövqe nümayiş etdirir və cəbhə xəttində törətdiyi son təxribatlar, Azərbaycan əsgərlərinin, o cümlədən dinc sakinlərin öldürülməsi bir daha göstərir ki, Ermənistan heç bir sülh addımı atmaq istəmir, işğal etdiyi torpaqlardan çıxmaq istəmir".

B.Əliyevin sözlərinə görə, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda kifayət qədər güzəştlər edib: "Azərbaycanın danışıqlar aparması, Dağlıq Qarabağ ərazisində yaşayan Azərbaycan vətəndaşları olan ermənilərə xüsusi statusun verilməsi kifayət qədər güzəştlərdir ki, Azərbaycan tərəfi edir. İkinci bir tərəfdən, Azərbaycan işğal olunmuş torpaqlarını hərb yolu ilə də azad edə bilər. Ancaq hələ ki Azərbaycan bunu etmir və bu da Ermənistana bir güzəştdir. Ona görə də, mən düşünürəm ki, işğalçıya münasibət kökündən dəyişdirilməlidir. Amma çox təəssüflər olsun ki, həmsədr ölkələr tərəfindən Ermənistana həm maliyyə və iqtisadi, həm də mənəvi dəstək göstərilir. Belə olduğu halda işğalçı heç cür konstruktiv mövqe nümayiş etdirə bilməz".

Millət vəkili bildirib ki, Ermənistanın cəbhə xəttində törətdiyi son təxribatlara beynəlxalq ictimaiyyət düzgün münasibət göstərmədi: "Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən yenidən Azərbaycana hücum edir, Azərbaycan əsgərləri öz mövqelərində həlak olur, amma dünya buna heç bir qiymət vermir, yenə də bəyanatlarla çıxış edirlər ki, tərəfləri atəşkəsi qorumağa səsləyirik. Amma çox təəssüf ki, nə BMT, nə Minsk qrupunun həmsədr ölkələri söylədilər ki, Ermənistan növbəti dəfə Azərbaycana qarşı qətliam həyata keçirdi. Azərbaycan əsgərlərinin öldürülməsi o deməkdir ki, işğalçı öz siyasətini davam etdirir, amma işğalçıya qarşı bəyanat səsləndirilmir, sadəcə deyilir ki, tərəfləri sülhə dəvət edirik. Ukrayna ilə bağlı davranış Azərbaycanla bağlı nümayiş etdirilmir, baxmayaraq ki, Azərbaycan Avropanın, regionun nəinki enerji təhlükəsizliyinin, bütövlükdə sabitliyin əsas qarantıdır".

B.Əliyev əlavə edib ki, bu gün Azərbaycanın tutduğu mövqe tamamilə doğru mövqedir, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət tamamilə doğrudur.

Millət vəkil əlavə edib ki, Ermənistanın son təxribatlarına Azərbaycan Ordusunun layiqli cavab verməsi onu göstərir ki, Azərbaycan bu haqq işində öz siyasətini gerçəkləşdirmək əzmindədir və bunu edəcək.

AzNews.az