Ukrayna məhkəməsi rus siyasətçilərin həbsi barədə qərar çıxartdı

6 Avqust 2014 07:26 (UTC+04:00)
Kiyevin Peçora rayon məhkəməsi Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Zyuqanov, Rusiya Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski və "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov barəsində həbs qərarı çıxarıb.

APA-nın "UNİAN"a istinadən verdiyi xəbərə görə, məhkəmə həmçinin sahibkar Konstantin Malofeyevin də həbsə alınmasına dair qərar çıxarıb.

Beləliklə, Kiyevin Peçora rayon məhkəməsi Ukrayna Baş Prokurorluğunun Şoyqu, Jirinovski, Zyuqanov, Mironov və Malofeyevin həbsinə dair iddiasını təmin edib.

Qeyd edək ki, avqustun 4-də, Ukrayna DİN Sergey Mironov, Vladimir Jirinovski və Gennadi Zyuqanov barəsində axtarış elan edib. Sergey Şoyqu və Konstantin Malofeyev barəsində isə cinayət işi hələ iyulda başlanmışdı.

Ukrayna DİN Baş İstintaq İdarəsi qeyd olunan Rusiya vətəndaşlarını Ukrayna ərazisində qanunsuz silahlı birləşmələrinin maliyyələşdirilməsində və yaradılmasında şübhəli bilir.

AzNews.az