Türkiyə Azərbaycanı qurban verməz

6 Avqust 2014 13:16 (UTC+04:00)
Əsgər Əlioğlu

Soyuq müharibədən sonra Türkiyənin dünyada və bölgədə əhəmiyyəti get-gedə artır. Bu, zamanın tələbidir. Soyuq müharibə dövrü ayrı-ayrı qütblərin müasir texnologiya, hərbi, iqtisadi rəqabət apardığı və təsir sahələrini artırmağa çalışdığı, gərginliyin nisbətən artdığı bir dövr idi. Bu dövrdə Türkiyənin üzərinə mühüm vəzifə və rol düşürdü. Bu rol da əslində, Sovet İttifaqının şimalında, ya da cənubunda güclü bir blokun yaradılmasına hərtərəfli dəstək vermək idi. Lakin soyuq müharibədən sonra bəşəriyyətin sanki birqütblü dünyaya ehtiyacı varmış kimi, mədəniyyətlərarası mübarizə, yüzilliyin, tarixin sonu kimi məhfumlar, beynəlxalq əlaqələrdə qeyri-müəyyənlik şəraiti yarandı.

Əslində, Türkiyə belə bir vəziyyətdə ortaya çıxan problemləri güc yox, dinc yolla həlletmə prinsiplərini, mövqeyini ortaya qoyaraq önəmini artırmağa başladı. Yəni mədəniyyətlərarası mübarizənin başladığı, digər pessimist fikirlərin mövcud olduğu, dünyanın böhranla üz-üzə qaldığı bir dövrdə Türkiyə beynəlxalq prinsiplərin pozulmaması naminə ortaya yeni bir ideyanı - alternativlik prinsipini qoydu. Bu pəncərədən baxdıqda indi görünür ki, Türkiyənin əhəmiyyəti soyuq müharibə dövründəkindən daha çoxdur və daha mühüm hala gəlmişdir. Hazırda arasında Türkiyə ilə Ermənistan arasındakı nisbi yaxınlaşma siyasətçilər, mətbuat və ictimaiyyət arasında əsas mövzuya çevrilib.

Azərbaycanla Ermənistan arasında problemlərin həlli ilə bağlı vasitəçilik missiyasını üzərinə götürmək cəhdləri edən Türkiyənin xarici siyasətində müşahidə olunan bu yaxınlaşma, Prezident Abdullah Gülün vaxtilə İrəvana gedərək erməni həmkarı ilə futbol oyununa baxması bölgədə yeni dövrün başlanmasının təməlini qoydu. Bu, bəziləri üçün təəccüb doğursa da Avropada normal qarşılanıb. Türkiyə-Ermənistan əlaqələrinin ilk əvvəl Ermənistan-Azərbaycan əlaqələrinə paralel olaraq normal vəziyyətə düşməsi potensialı getdikcə çox yüksəlir. İndi söylənilməsi vacib olan budur ki, əlaqələrin yaxşılaşmasının potensialı bu qədər yüksələrkən, münasib ab-hava, bəzi addımlar atmaq ehtimalı yaranarkən, problemi yaradan və həlli özlərinin marağında olmayan qüvvələrin narahat olmasına, yaranmış münbit şəraiti pozmağa yönəlmiş fəaliyyətlərinə ehtiyac yoxdur. Məhz Türkiyədə bəzi yazıçı və jurnalistlərin 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrə görə ermənilərdən üzr istənilməsi kompaniyası kimi təşəbbüslər bu cəhdlərdən biri idi. Təbii ki, ilk başlanğıcdan Türkiyə-Ermənistan arasında əlaqalərdəki yaxınlaşmadan, sərhədlərin açılmasından Azərbaycan narahatdır. Bəs, bu sahədə qardaş ölkə ilə problemlər yarana bilərmi? İndi bu sual ətrafında həm Türkiyədə, həm də Azərbaycanda müəyyən optimist və pessimist düşünənlər var. Ancaq bilmək lazımdır ki, tarix boyu türk diplomatiyası son dərəcə güclü olub. Bunun siyasi və bürokratik cəhətləri daha güclüdür. Türkiyənin özünün maraqları var.

Türkiyə Azərbaycan ilə əlaqələrinin inkişafında, münasibətlərin möhkəmləndirilməsində və Azərbaycanın mövqeyinin müdafiəsi məsələsində qətiyyətlidir. Atatürkün və ulu öndər Heydər Əliyevin iki ölkə haqqında dedikləri müdrik kəlamların unudulması, yaxud üstündən xətt çəkilməsi mümkün deyil. Türkiyə ölkələrimiz arasında əlaqələri zədələyəcək heç bir xarici siyasət həyata keçirməz. Əgər Türkiyə-Ermənistan əlaqələrində müəyyən yumşalma, irəliləyiş varsa belə, bunu Azərbaycanı narahat edəcək bir yumşalma kimi qəbul etmək lazım deyil. Türkiyənin təşəbbüsləri Azərbaycanın xeyirinə olan qasrşılıqlı dialoqun, etimadın möhkəmləndirilməsinə, tərəflər arasında inamın yaranmasına, bölgədə sülhün bərqərar olmasına yönəlib. Diqqətlə izləsək görərik ki, Prezident Abdullah Gül İrəvana səfərindən dərhal sonra Azərbaycan Prezidenti ilə görüşüb. Bu səfərlərdə sadəcə futbol yox, bir çox başqa mühüm mövzular müzakirə edilib. Baş nazir Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə tez-tez dialoq aparır, sadəcə, enerji, neft, qaz, Xəzərlə bağlı məsələlər danışılmır. Buna inanmağımız lazımdır ki, bir tərəfdən Türkiyə xarici siyasətdə yeni bir səhifə açarkən, yeni təkamül dövrü başladarkən attdığı addımların nədən ibarət olduğunu yüz ölçüb bir biçir. Bunu xalqını, bölgəni, dost və müttəfiqləri düşünərək edir. Bir sözlə, dəqiq hesablanmış siyasət həyata keçirir.

Digər tərəfdən, son zamanlar Türkiyənin, Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri üçtərəfli görüşlər keçirirlər. İstanbulda, Helsinkidə bu görüşlər baş tutdu. Bütün bunlar yaxşı hal kimi qiymətləndirilməlidir. Bu, mövcud problemlərin həllinə müsbət təsirini göstərəcək, önümüzdəki dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bəzi yumşalmalara, irəliləyişlərə gətirib çıxaracaq. Türkiyəli diplomatların da dediyi kimi, bunu hamımız yaxşı bilməliyik ki, Dağlıq Qarabağ məsələsi Türkiyə üçün, onun iqtidarı və müxalifəti üçün əhəmiyyətli bir məsələdir. Türkiyə-Azərbaycan əlaqələri çox önəmlidir. Bu əməkdaşlığa xələl gətirəcək heç bir addım atıla bilməz. Təbii ki, bu gün bizim bilmədiyimiz bəzi pərdəarxası müzakirələr davam edir. Ümidvarıq ki, bunun nəticəsi müsbət olacaq. Əminliklə deyə bilərik ki, Türkiyənin bugünkü siyasəti bölgənin, ən əsası da bu bölgədə tutduğu mövqeyi ilə mühüm önəm qazanmış Azərbycanın ziyanına heç vaxt olmayacaq. Buna xalqlarımızın inamı böyükdür. Türkiyə qardaş saydığı Azərbaycanı nə Avropaya, nə də Ermənistana qurban verməz.