Aydın Mirzəzadə Prezidentin cəbhə səfərindən danışdı

7 Avqust 2014 10:13 (UTC+04:00)
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsinə səfəri Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaratdı. Bu barədə Trend-ə millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, bir neçə gün əvvəl baş verən erməni təxribatlarından sonra Ali Baş Komandanın cəbhə xəttinə gedərək vəziyyət ilə yerində tanış olması cənab İlham Əliyevin vəziyyəti nəzarətdə saxlaması, həmçinin Azərbaycan təhlükəsizliyinin qorunması üçün maksimum səylər göstərdiyini bir daha sübut etdi: "Cənab Prezidentin operativ hərbi müşavirə keçirməsi və söylədiyi fikirlər Azərbaycanın Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyini bir daha ortaya qoydu. Ermənistan diversiya qruplarına Azərbaycan Ordusunun layiqli cavab verməsi ordumuzun yüksək keyfiyyət göstəricisi idi".

A.Mirzəzadə hesab edir ki, bu qarşıdurma Ermənistan ordusunun zəifliyini, ruh düşgünlüyünü, ən əsası isə Ermənistan siyasi rəhbərliyinin avantüralarda iştirakını göstərdi: "Cənab Prezident hərbçilər qarşısında çıxışında Azərbaycanın torpaqlarını heç kimə güzəştə getməyəcəyini, ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanlardan istifadə edəcəyini bəyan etdi. Prezidentin səfəri və çıxışı ümumən Azərbaycanın milli maraqlar məsələsində geri çəkilməyəcəyini, onları həyata keçirmək üçün maksimum səylər göstərəcəyini bir daha sübut etdi".

Deputatın sözlərinə görə, ümumən Prezidentin cəbhə bölgəsinə səfəri, məcburi köçkünlərlə görüşü, hərbçilər qarşısında yeni vəzifələr qoyması Azərbaycan cəmiyyətinin bugünki istəklərinə tam cavab verir.

AzNews.az