Tovuzda erməni diversant tutuldu - Nazirlikdən açıqlama (Yenilənib-2)

7 Avqust 2014 13:45 (UTC+04:00)
Bu gün Tovuzda Ermənistan vətəndaşı əsir düşüb.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı TTV yayıb. Məlumata görə, Azərbaycan tərəfinə əsir düşən Ermənistan vətəndaşının 1965 ci il təvəllüdlü Petrosyan Arduş Dalen oğludur.

Əsir Tovuz rayonunun Ağbulaq kəndində kənd sakini Məmmədov Pərviz Paşa oğlu tərəfindən saxlanılıb və aidiyyatı qurumlara təslim edilib.

***

Müdafiə Nazirliyi Ermənistan vətəndaşının əsir götürülməsi ilə bağlı yayılan məlumatlara ilkin münasibət bildirib. Nazirlikdən AzNews.az-a deyilib ki, Tovuz rayonunun Ağbulaq kəndində kənd sakini tərəfindən 1965 ci-il təvəllüdlü Ermənistan vətəndaşı Petrosyan Arduş Dalen oğlunu tutaraq əsir götürülməsi xəbəri dəqiqləşdirilir: "Hələ ki, bununla bağlı nazirlikdə dəqiq bir məlumat yoxdur. Əgər erməni vətəndaşı əsir götürülsə belə, KİV-lərin bizə deyil, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasına müraciət etmələri məsləhətdir.

14:12
***

Publika.az saytı isə xəbər verir ki, Tovuz rayonunun düşmənlə təmas xəttində yerləşən Ağbulaq kəndində erməni diversant qrupu Azərbaycan tərəfinə keçməyə cəhd edib.

Azərbaycan kəşfiyyatçıları qrupun neytral ərazidən bizim tərəfə keçməsinə qəsdən şərait yaradıblar. Məqsəd qrupu tam tutmaq olub.

Əsgərlərimiz qrupun bələdçisi Petrosyan Arduş Dalen oğlunun Tovuzun Ağbulaq kəndinə girdiyini müşahidə ediblər.
Bu zaman kənd sakinləri onu görərək saxlayıblar. Erməninin izi ilə gələn hərbçilərimiz onu qəzəbli sakinlərin əlindən alıblar.

AzNews.az