Prezident Ağdama 5,2 milyon ayırdı- Sərəncam

7 Avqust 2014 18:56 (UTC+04:00)
Prezident İlham Əliyev Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd olunur ki, son illərdə Ağdam rayonunun işğal altında olmayan 91 min nəfərə qədər əhalinin məskunlaşdığı 44 yaşayış məntəqəsində müxtəlif Dövlət Proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb. 6600-dən çox ailə üçün 17 yeni qəsəbə salınmış, 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi, 11 klub icma mərkəzi inşa edilmiş, uzunluğu 260 kilometr olan elektrik, 117 kilometr olan içməli su xətləri, yeni yollar çəkilmiş, yaşayış məntəqələri qazlaşdırılib. Rayon mərkəzinin yerləşdiyi Quzanlı qəsəbəsində, Mərkəzi rayon və uşaq xəstəxanaları, doğum evi, Təcili Tibbi Yardım Stansiyası, Olimpiya İdman Kompleksi və digər sosial yönümlü obyektlər tikilib.

Sərəncama əsasən, Quzanlı qəsəbəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Ağdam Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Prezident digər sərəncamı isə, Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzalayıb.

Sənəddə bildirilir ki, iyirmi bir min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini və 4 köçkün qəsəbəsini birləşdirən Quzanlı-Üçoğlan-Xındırıstan- Səfərli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon (üç milyon iki yüz min) manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.