“Dilqəm Əsgərov və Şahbaz Quliyev diversant deyil” - Rəsmi

8 Avqust 2014 12:57 (UTC+04:00)
"Dilqəm Əsgərov və Şahbaz Quliyevin əməllərində diversiya əlamətləri yoxdur və onlar heç bir dövlətin sərhədini pozmayıblar".

APA-nın məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri Firudin Sadıqov "AzərTAc"a müsahibəsində bildirib. F. Sadıqov qeyd edib ki, onların əməllərində diversiya əlamətləri yoxdur və onlar heç bir yeri partlatmayıblar: "Onların əməllərində casusluq da yoxdur. Casus öz ölkəsini satana deyilir. Onlar heç bir ölkəni satmayıblar. Yazırlar ki, onlar məxfi məlumat toplayırmışlar. Hansı məlumat, hardadı həmin məlumatlar, kimdən toplayıblar? Ortada heç bir konkret fakt yoxdur. Hətta az-çox savadı olan, mətbuatı izləyən və adi detektiv əsərləri oxuyanların, eləcə də Ermənistan mütəxəssislərinin yekdil rəyi ondan ibarətdir ki, bu cür kəşfiyyat-təxribat qrupu ola bilməz. Onların nə yaşı, nə sayı, nə də məqsədləri bu növ fəaliyyətə uyğun gəlmir. Girovların özləri sübuta yetiriblər ki, uzun illərdir doğma kəndlərinə - Kəlbəcərin Şaplar kəndinə gedir, ata-analarının, doğmalarının qəbirlərini ziyarət edirlər. İndi məlum olur ki, Ermənistanda və bu ölkə tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindəki ata-baba ocaqlarını və doğmalarının məzarını ziyarət etməyə Dilqəm Əsgərov və Şahbaz Quliyevdən başqa digər azərbaycanlılar da gedib-gəlir. Bu, insanların təbii istəyidir. Əgər Ermənistan özünün etnik təmizləmə və soyqırımına əsaslanan militarist siyasəti ilə insanların bu təbii hüququnu əlindən almaqda davam edəcəksə, belə halların təkrarlanması istisna deyil. Misal üçün, bir neçə gün əvvəl internetdə Ermənistanın Sisiyan rayonundakı ata-baba torpaqlarına gedib-gəlmiş azərbaycanlılar bunu sübut edən videomaterial yayıblar. Onların "diversant" olduğunu iddia edən ermənilər göstərsinlər görək, bu insanlar hansı diversiya aktını törədiblər. Əgər doğrudan da diversant olsaydılar, təmas xəttindən Şaplar kəndinə qədər olan ərazidə yolları da partlada, su hövzələrini də zəhərliyə, hərbi hissələrdə təxribat törədə, epidemiya, epizootiya yaya bilərdilər. Əgər diversant olsaydılar, onların qarşısında hansısa bir məqsəd olardı: məsələn, hər hansı hərbi, strateji obyekti məhv etmək və sair. Bunların heç biri baş verməyib. Onların buna bənzər heç bir niyyətləri və əməlləri olmayıb. Ora gedərkən niyyətləri o qədər saf olub ki, başqa şey ağıllarına belə gəlməyib. Klassik mənada diversant qrupun tərkibi 12-14 nəfərdən az olmur. Üstəlik onları müşayiət edən dəstək qrupu da olmalıdır. Kəlbəcərə gedən azərbaycanlılar isə cəmi 3 nəfər olub. Hansı diversant özü ilə diversiya həyata keçirəcəyi yerə ölkəsinin bayrağı ilə gedər? Ermənistanın Müdafiə Nazirliyi də, xüsusi xidmət orqanları da yaxşı bilirlər ki, belə diversiya qrupu olmur".

F. Sadıqov qeyd edib ki, girov götürülmüş şəxslərlə beynəlxalq sənədlər çərçivəsində davranılmalıdır: "Ermənistan rəsmi dairələrinin yaydığı məlumatların əksinə olaraq bildiririk ki, girov götürülmüş şəxslər 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyalarının himayəsi altındadır və onlarla həmin beynəlxalq sənədlər çərçivəsində davranılmalıdır. Ancaq Ermənistanın Müdafiə Nazirliyi saxlanılan şəxslərə təkcə "hərbi əsir deyil" deməkdə haqlıdır. Ona görə ki, həmin şəxslər Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində böyüyüb başa çatmış və ata-babalarının məzarı həmin ərazilərdə qalmış mülki insanlardır. Mülki şəxslərlə isə "Müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust Cenevrə Konvensiyası"nın tələblərinə uyğun davranılmalıdır. Həmin konvensiyanın 4-cü maddəsində bu, dəqiq ifadə edilib. Bu məqam aidiyyəti beynəlxalq təşkilatların da diqqətinə çatdırılıb. Kəlbəcər rayonu ərazisində girov götürülmüş şəxslər erməni tərəfinin iddia etdiyi kimi, heç bir dövlətin sərhədini pozmamış və suveren Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış ərazisində olublar. Əslində Dağlıq Qarabağda Ermənistan tərəfindən qurulmuş qondarma rejim özü qeyri-qanunidir. Qeyri-qanuni bir qurum isə heç bir hüquq normalarından danışa bilməz və onun qəbul etdiyi hər hansı "akt" özü cinayətdir".

E. Sadıqov müsahibəsində həmçinin bildirib ki, kəlbəcərli girovların azad olunması üçün ictimaiyyətin də dəstəyinə ehtiyac var: "Əlbəttə ki, ictimaiyyətin belə həssas məsələlərə operativ reaksiyası təqdirəlayiqdir. Mətbuatda yayılmış məlumatlara görə, bəzi QHT-lər beynəlxalq təşkilatlara müraciətlər də ünvanlayıblar. Bununla belə, çox yaxşı olardı ki, beynəlxalq hüquq sahəsindəki mütəxəssislər bu hadisələri insan və humanitar hüquq müstəvisində araşdıraraq dəyərləndirsinlər. Bu, girovların azad olunmasında və cəsədin geri alınması işində bizə kömək edə bilər".

F. Sadıqov girovlardan birinin Rusiya vətəndaşı olması məsələsinə də toxunub: "Humanitar məsələdə vətəndaşlıq vacib deyil və biz Dağlıq Qarabağ münaqişəsinin qurbanı olmuş hər bir şəxsin taleyi ilə məşğul oluruq. Komissiyanın fəaliyyət göstərdiyi 21 il müddətində belə hallara çox təsadüf edilib. Bizim üçün vacib olan insan taleyidir. Qeyd etdiyim kimi, bu hadisə baş verən gündə etibarən Komissiya onların sonrakı taleyi ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır və bütün zəruri prosedurları həyata keçirir. Ancaq buna mane olan Ermənistan əvvəlcədən tutduğu qeyri-konstruktiv mövqedə qalır. Həmin məqamları bir qədər əvvəl diqqətə çatdırdım. Hələlik görünən odur ki, Ermənistan həmişə olduğu kimi, yenə də humanitar normalara hörmətsizliyini davam etdirir. Buna baxmayaraq, inanıram ki, biz həm ermənilər tərəfindən qətlə yetirilən Həsən Həsənovun cəsədinin geri alınmasına, həm də girovların azad edilməsinə nail olacağıq".

AzNews.az