Tanınmış simaların təqdimatında 3 yeni layihə

11 Sentyabr 2012 18:45 (UTC+04:00)
Yeni mövsümdə Azərbaycan televiziya məkanında tanınmış simaların təqdimatında 3 müxtəlif yeni layihə olacaq. AzNews.az-a danışan "SOY" prodakşının bədii rəhbəri Siyavuş Həsənli deyib ki, layihələrin biri serial, digərləri isə televiziya verilişləridir: "Əməkdar artist Dilarə Əliyeva və onun həmkarları Tünzalə Əliyeva (təxəllüsü "Toppuş bacı") ilə Ülviyyə Əliyeva (təxəllüsü "Keyxanım") "Üç bacı" adlı komediya janrda çəkilən serialda rol alıblar. Serial Azərbaycanın müxtəlif bölgələrində çəkilib.

Tanınmış teleaparıcı Mirsalam Mirsalamov "Space" televiziyasında yeni "Ləzzət vaxtı" adlı verilişinin aparıcısı olacaq. Həftənin 5 günü yayımlanacaq verilişdə M.Mirsalamovun qonaqları sənət adamlarıdır.

Sonuncu layihə yumoristik verilişdir. "Gülmək qadağandır" adlı yumoristik verilişin aparıcıları Tünzalə Əliyeva (təxəllüsü Toppuş bacı) və Ülviyyə Əliyeva (təxəllüsü Keyxanım) olacaq".

Fuad Mədətov
AzNews.az