Hafiz Məmmədova 6 gün vaxt verildi

10 Avqust 2014 10:01 (UTC+04:00)

Topaz Premyer Liqasında 2014/2015-ci il mövsümünə start verilib. Apasport.az saytının xəbərinə görə, I turun ilk oyun günündə keçirilməsi planlaşdırılan "Bakı" - "Simurq" matçı təxirə salınıb.

Buna səbəb paytaxt təmsilçisinin sənədləşmə işlərində müəyyən problemlərin olmasıdı.

Belə ki, ağı günlərini yaşayan "zolaqlılar" lazımi sənədlərin hamısını Peşəkar Futbol Liqasına təqdim edə bilməyiblər. Əgər bu məsələ yaxın saatlarda öz həllini tapmasa, "Simurq"la qarşılaşma oynanılmayacaq.

Qeyd edək ki, dünən əvəzedicilər arasında keçirilən Azərbaycan çempionatının ilk turunda "Bakı" – "Simurq" oyunu da eyni problem səbəbindən təxirə salınıb. Əsas komandalar arasındakı matçın isə dünən saat 18:00-da başlaması planlaşdırılmışdı.

Artıq matçın baş tutmayacağı dəqiqləşib. Bu barədə PFL-in rəsmi saytı xəbər yayıb.

PFL rəhbəri Ramin Musayevin imzaladığı əmrdə bildirilir ki, Topaz Premyer Liqasının 2014/2015 mövsümündə iştirak edən "Bakı" klubu Premyer Liqada çıxış etmək üçün tələb olunan sənədləri 15 avqust 2014-cü il tarixinə kimi PFL-ə təqdim etməzsə, klub yarışlardan kənarlaşdırılacaq. Ardınca qeyd olunur ki, "Bakı" klubunun iştirakı ilə Topaz Premyer Liqası və əvəzedici komandalar arasında yarışın I turunun oyunları yuxarıda göstərilmiş səbəbdən təxirə salınsın.

Xatırladaq ki, "Bakı"nın sahibi iş adamı, "Hafka" ləqəbli Hafiz Məmmədovdu.