“Tövsiyyələrə baxmayaraq, vətənə dönürəm”

10 Avqust 2014 16:41 (UTC+04:00)
"Çalışmaq və özümü reallaşdırmaq üçün müxtəlif ölkələr uyğun olsa da, yaşamaq üçün başqa məkan seçmək niyyətində deyiləm. Hələ bir müddət Bakıda olacağam".

Axar.az xəbər verir ki, bu sətirləri İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Qubad İbadoğlu Feysbuk səhifəsində yazıb. Hazırda Qırğızıstanda olan Q.İbadoğlu qeyd edib ki, 20 gündür Bişkekdə işgüzar səfərdədir:

"Bu günlərdə yerli hökümət və mədən sənayesində çalışan xarici şirkətlərlə məhsuldar işlədim. Qırğızıstanın inkişafı üçün bacardığımı edə bildim, işimdən dostlarımız da çox razı qaldı, özüm də açığı, hökümətlə işləməkdən zövq aldım.

Orda və kənarda olan bir çox dostlarım ölkədəki vəziyyəti nəzərə alaraq mənə çox təkidlə gözləməyi tövsiyə etsələr də, onlara təşəkkürlər deyərək, yoluma davam edirəm və indi vətənə dönürəm".

Q.İbadoğlu əlavə edib: "Bilin ki, məni də hara çağıracaqlarsa, ora da gedəcəm, çünki özümə və işimə güvənirəm. İndiyə qədərki fəaliyyətimdə dürüst olmuşam və həmişə qanunların aliliyinə inanıb, onları işimdə tətbiq etmişəm. Əminəm ki, vətəndaş cəmiyyətimizin böhrandan çıxmasına tezliklə nail olacağıq".

AzNews.az