“Türkiyədəki seçkilərdə xalqın seçimi öz əksini tapıb“

10 Avqust 2014 21:09 (UTC+04:00)
Türkiyədə prezident seçkilərində türk xalqının seçimi öz əksini tapıb. Trend TRT Haber türk telekanalına istinadən bu barədə baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçən prezident seçkilərini şərh edərək bazar günü bildirib.

Türkiyənin baş naziri həmçinin prezident seçkilərində dəstəyə görə tərəfdarlarına minnətdarlığını bildirib.
Ərdoğan qeyd edib ki, bundan sonra o, əvvəlki kimi, Türkiyədə xalq və demokratiya üçün çalışacaq.

Artıq Türkiyədə seçki qutularının 93 faizi açılıb, Türkiyənin Ali Seçki Şurasının (MSK) məlumatında deyilir.

İlkin məlumata görə, Türkiyədə prezident seçkilərində seçicilərin 56,56% səsini toplayaraq baş nazir Rəcəb Tayyib Ərdoğan liderlik edir.
Ekmələddin İhsanoğlu 37,48 faiz səslə ikinci, Səlahəddin Dəmirdaş isə 8,96 faiz səs toplayaraq üçüncüdür.

Türkiyədə bazar günü yerli vaxtla saat 08:00-da sayca 12-ci prezident seçkilərində səsvermə başlayıb.
2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən, əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə Prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir.
Türkiyədə 53 milyon 17 min 214 seçici var.
Prezident seçkiləri yerli vaxtla saat 17:00-dək davam edəcək. Seçkilər günü ölkədə istənilən əyləncə proqramı və spirtli içkilərin satışı qadağan olunub.

Türkiyədə prezident seçkilərinin gedişi haqqında rəsmi informasiya yalnız Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatı hesab oluncaq. Həmin məlumatlar yerli vaxtla 08:00-dən saat 21:00-dək MSK tərəfindən yayılacaq.
Avqustun 11-də seçkilərin ilkin nəticələri elan ediləcək. Türkiyə MSK avqustun 15-də prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq.
Prezident seçkilərində seçicilər 3 namizədə səs verirlər: Hakim Ədalət və İnkişaf Partiyası Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürüb. Prezidentliyə üçüncü namizəd isə kürdyönümlü sabiq Sülh və Demokratiya Partiyasının (BDP) hazırkı "Xalqların Demokrat Partiyası" (HDP) sədri Səlahəddin Dəmirdaşdır.

I turda namizədlərdən heç biri 51 faiz səs toplamasa, avqustun 24-də prezident seçkilərinin II turu keçiriləcək.

AzNews.az