“İlham Əliyevə azarkeşlik edirdim” - Əli Əliyev

11 Avqust 2014 08:24 (UTC+04:00)


Vətəndaş və İnkişaf Partiyasının (VİP) Əli Əliyev özünün "Facebook" səhifəsində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünü dəyərləndirib.
AzNews.az Ə.Əliyevin həmin yazısını təqdim edirik:



"Soçi görüşü baş tutdu. Hərçənd görüşün baş tutmaması daha ehtimallı idi. Səfər 2 günə, 8-9 avqusta planlaşdırılsa da, 10 avqust tarixə qədər uzadılması kuluarın gərginliyindən xəbər verir.
Randevu ilə bağlı müxtəlif qiymətləndirmələr var. Daha çox sparrinq təəssüratı bağışlayan bu üzləşmə, ən çox dünya siyasət arenasında natamamlıq mərhələsinə girmiş Rusiyaya lazım idi. Bu görüşü alındıran Putin ayaqda olduğunu dünyaya nümayiş etdirdi. Yəni kiminsə, bu halda 2 Prezident tərəfindən eşidildiyini göstərirdi. Olsun.
Pərdəarxası danışıqlar gizli saxlanılsa da, aydın görünür ki, bu görüş hay tərəfə də zəruri idi. Maddi-texniki göstəricilərinə görə üstün duruma gəlmiş Azərbaycan, onun son davranışları düşmən tərəfi rahatsız etməyə bilməz. Bu baxımdan erməni tərəfi münaqişənin alovlanacaq yeni mərhələsini hesablayaraq, münaqişəyə həlledici təsirli Rusiyaya növbəti beynəlxalq təzimini göstərdi.
Daxili idarəçilikdə nə qədər Əliyevlə barışmaz olsam da, görüşdə ona azarkeşlik edirdim. Dövlətimin təmsilçisi olaraq, masada tək olduğu, həm də könülsüz oturduğu aydın sezilirdi. Onun nə hisslər keçirdiyi aydındır. Qarşısında oturan kritinizmə mübtəla sərkisyan, dayısını görmüş uşaq kimi ürəkli idi.
Mənə elə gəlir ki, torpaqlarımızın işğalında iştirak etmiş Rusiya, bizə qarşı heç vaxt haqlı olmayacaq. Rusiyanın imperiya maraqları onları ermənipərəst olmağa məcbur edir. Ermənistan imperiya iddialı Kremlin Cənubi Qafqaz istehkamıdır. Ruslar anlayır ki, Ermənistanı itirmək, Qafqazı itirməkdir. Ona görə də "Rusiya 2-3 rayonu qaytaracaq" məzmununda bildirilən fikirlər ciddi deyil. Bəli, bir halda Rusiya işğal altında olan bəzi rayonları qaytara bilər. Azərbaycan müstəqilliyindən imtina edərək, yeni imperiya layihəsinə-Avrasiya İttifaqına daxil olarsa, onda bir neçə Aşağı Qarabağ rayonu qayıda bilər. Bu da yolverilməzdir.
Ona görə Azərbaycan tərəfi ehtiyatlı formada alternativlər axtarmalıdır. YAP iqtidarı üçün münbit tarixi şərait mövcuddur. Rusiya-Ukrayna müharibəsi, Rusiya-Dünya qarşıdurması qarşı tərəfin himayədarı olan keçmiş metropoliyanı zəiflədəcək. AB-nin enerji təhlükəsizliyi məsələsi gündən-günə aktuallaşacaq. Belə şəraitdə suverenliyin bərpası mümkün olacaq.
Bu gün müharibənin qızışdırılması yanlışdır. Biz Ermənistandan qat-qat hər cəhətdən güclüyük. Lakin Rusiya ilə müqayisə olunmayacaq mənfi saldolu potensialımız var. Rusiyanın çöküşünü gözləmək lazımdır. Donetski və Luqanskı, sonra isə Krımı itirəcək, dünyada iqtisadi izolyasiyaya salınmış Rusiya Putin və komandası üçün cəhənnəmə çevriləcək.
O vaxta qədər isə iqtidar bir sıra strateji addımlar atmalıdır. AB, ABŞ, NATO və digər güc mərkəzləri ilə yaxınlaşmalıdır. Seçki problemini həll etmiş Türkiyə ilə sıx əməkdaşlığa gedilməlidir. QUAM sammitini çağırmaq lazımdır. Bütün bunların fövqündə ölkədaxili konsolidasiyaya nail olunmalıdır. Mənə elə gəlir ki, ölkə rəhbərliyi siyasi məhbus məsələsindəki siiyasətinə yenidən baxmalıdır.
Fikrimizcə, hətta iqtidar təkəbbürdən imtina edib, son günlər hərb müstəvisində baş vermiş gərginliyi və Soçi görüşünün nəticələrini müxalifətlə qapalı görüşdə müzakirə etməlidir. İstisna deyil ki, kollegial qurumumuz razılıq versə belə rəsmi təkliflə, VİP olaraq çıxış edək.
Eyni zamanda inanırıq ki, iqtidar-müxalifət münasibətləri bütün aspektlərdə normallaşdırılmalı, yeni keyfiyyət səviyyəsinə yüksəldilməlidir. Müharibə bir daha göstərdi ki, nə qədər barışmaz rəqabətimiz olsa da, həyat bizə bəzən düşmənçiliyin yolverilməz olduğunu anladır".