Azərbaycanda dini ayinlərlə bağlı cəza sərtləşdirildi

11 Avqust 2014 11:57 (UTC+04:00)


Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 167-1 və 168-ci maddələrinə dəyişikliklər təklif olunur.

Maddə 167-1.1-ə təklif edilən dəyişikliyə görə, şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur etmə 5 min manatdan 10 min manata qədər cərimə və 6 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalanacaq. Bu cəzanın hazırda qüvvədə olan variantında isə qeyd olunan əməllər 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 167-1.2.-ə təklif edilən dəyişikliyə görə, şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma 5 min manatdan 10 min manata qədər cərimə və ya 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Cəzanın hazırda qüvvədə olan variantında isə bu əməllər 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum edilmə ilə cəzalandırılır.

Maddə 168-ə təklif olunan dəyişiklikdə isə bildirilir ki, dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə 10 min manatdan 15 min manata qədər cərimə və ya 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Hazırda qüvvədə olan variantda isə 7 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Dəyişikliklər layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır.

AzNews.az