Şeyx II Qareginin məktubunu cavablandırıb

11 Avqust 2014 14:09 (UTC+04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün ermənilərin katolikosu II Qareginin məktubuna cavab verib.


AzNews.az-ın QMİ-yə istinadən verdiyi məlumata görə, cavab məktubunda deyilir:

"Zati Aliləri!
Biz sizin Ermənistan Azərbaycan sərhədində, Azərbaycanın işğal olunmuş ərazilərində qoşunların təmas xəttində gərginliyin artması ilə bağlı göndərdiyiniz məktubla tanış olduq. Hərbçilərin ölümü ilə və sərhəd yaşayan məntəqələrində yaşayanların dinc həyatının pozulması ilə nəticələnən gərgin vəziyyətlə bağlı sizin narahatlığınızı bölüşürəm. Ancaq təəssüflə sizin diqqətinizə çatdırıram ki, bütün bu atışmalar və diversiya əməliyyatları Azərbaycan torpaqlarında baş verir. Ermənistan ordusu tərəfindən atəşkəs rejimi pozulması nəticəsində Azərbaycanın həm əsgərləri, həm də dinc sakinlər həlak olur və ya güllə yaraları alırlar.

Ürək ağrısı ilə sizə bildirirəm ki, son günlərdə erməni hərbçilər Azərbaycanın sərhəd kəndlərində hətta 3 uşağı belə ağır yaralayıblar. Əlbətdə Yaradanın bəxş etdiyi insan həyatına qəsd çox böyük günahdır.

Ona görə də, nəinki bu tip təxribatlara, ümumiyyətlə, uzun sürən müharibəyə və ərazi münaqişəsinə son qoymaq lazımdır. Uca Tanrının iradəsi ilə qonşu olmuş xalqlarımız arasında ədalətli və möhkəm sülhün bərqərar olması üçün erməni siyasətçiləri nəhayət, konstruktiv mövqe tutmalı, lazımi iradəni göstərməlidir. Bu cür yanaşma, ən əvvəl ermənilərin öz mənafeyinə uyğundur.

Bizim xalqımız birmənalı şəkildə sülhün, mehriban qonşuluq münasibətlərinin eləcə də beynəlxalq hüququn bütün bölgədə bərpa olunmasına tərəfdardır. Bunun üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Yalnız bu halda ölkələrimiz arasında gərginlik aradan qaldırıla və çoxdan gözlənilən daimi sülh bərqərar oluna bilər".

Şeyx bildirib ki, Azərbaycan 20 ildən çoxdur təmkin və hövsələ nümayiş etdirərək Qarabağ probleminin həllini gözləyir. "Lakin təəssüf ki, Azərbaycan dövlətinin sülhməramlı çağırışları hələ də Ermənistan tərəfindən eşidilməyib. Əksinə, Ermənistan qoşunları nəinki işğalı davam etdirir, həm də sistematik olaraq atəşkəsi pozur və dinc sakinləri öldürürlər. Azərbaycan və erməni xalqları arasında sülh və etimadın bərpası üçün biz sizi öz nüfuzunuzdan istifadə edərək Ermənistan hakimiyyətinə təsir göstərməyə çağırırıq ki, onlar öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarsınlar və sülh danışıqlarında sağlam mövqe tutsunlar. Biz bu gün Uca Yaradana üzümüzü tutaraq bölgədə möhkəm sülh və sabitliyin yaranması üçün dua edirik və ümid edirik ki, din xadimlərinin sülhsevər təşəbbüsləri xalqlarımıza fayda gətirəcək".

AzNews.az