Bakıda nömrəsini pultla idarə edən sürücü həbs olundu - Fotolar

11 Avqust 2014 14:17 (UTC+04:00)
"Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən, sürücü idarə etdiyi nəqliyyat vasitəsinin dövlət nömrə nişanının təmiz saxlanılmasını və onun görünməsi təmin etməlidir. Lakin Bakı şəhəri ərazisində idarə edilən bəzi avtomobillərin dövlət nömrə nişanlarının müxtəlif vasitələrlə gizlədilməsinə nail olmaq istəyən "ağıllı" sürücülərə rast gəlinir ki, bu da sanki Bakı şəhəri ərazisində quraşdırılmış kameraların aldadılması kimi düşünülüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

V.Əsədovun sözlərinə görə, təhlükəsizliyi təmin edərkən gün ərzində Bakı şəhəri üzrə keçirilən tədbirlər zamanı bu kimi faktlar aşkar edilir: "Bu cür hərəkətə görə "Porsche Cayenne" "cip" markalı 90 FA 012 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Binəqədi rayon sakini 12 avqust 1988-ci il təvəllüdlü Əhədov Orxan Babaverdi oğlu Xəzər rayon məhkəməsi tərəfindəm 25 sutka həbs cəzası alıb. O doğum gününü həbsdə keçirəcək".

V.Əsədov deyib ki, sürücü pult vasitəsilə istənilən zaman avtomobilin səsboğucu qazanlarının səsinin artırıb-azaldılmasını, həmçinin mexanizm vasitəsi pərdələrin çəkilməsi ilə dövlət nömrə nişanlarının görünməməsini nizamlayır: "Yəni dövlət nömrə nişanının üzərinə qara örtük çəkərək avtomobilin nömrəsiz idarə edilməsinə cəhd edib. Bu azmış kimi, sürücü Zaqulba prospekti ilə hərəkət edərkən yol boyu polisin saxlama işarəsinə əhəmiyyət verməyərək hərəkətini davam etdirib. Eləcə də yaradılmış süni maneəyə baxmayaraq əks istiqamətdə həmin yolla qarşılıqlı hərkət zolağı ilə hərəkətdə olan avtomobillərə qəza şəraiti yaradaraq, yol boyu nizamlanan yol ayrıclarında işıqforun tələblərini pozaraq yüksək sürətlə digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradıb. Radiocihaz vasitəsilə həmin hərəkət istiqamətində tam süni sıxlıq yaratmaqla avtomobil sürücüsü ilə birgə saxlanılıb və barəsində tərtib edilmiş sənədlər aidiyyəti üzrə məhkəməyə göndərilib. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə avtoxuliqanlıq etdiyinə görə sürücü cəzalandırlıb".

AzNews.az