Azərbaycanda məktəblər qardaşlaşacaq - Bilik Fondunun xətti ilə

12 Avqust 2014 14:50 (UTC+04:00)


Fondunun İnformasiya Təminatı sektorundan AzNews.az-a verilən məlumata görə, Bilik Fondu iyirmi məktəbi qardaşlaşdıracaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənc nəslin hərtərəfli inkişafına və dünyagörüşünün zənginləşməsinə xüsusi diqqət ayırması bir çox layihələrin gerçəkləşdirilməsinə təkan verir.

Bu layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sentyabrın əvvəllərindən "İlboyu bilik" şüarı ilə start götürəcək "Qardaşlaşmiş məktəblər" layihəsidir. Layihə ilk mərhələdə 15 sentyabr - "Bilik günü"nə qədər Azərbaycanın 20 rayonundakı orta ümumtəhsil məktəblərini əhatə edəcək.
Layihənin əsas məqsədi respublikanın orta ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə və gənclərin biliyə marağının artırılması, Azərbaycan tarixinin və mədəniyyətinin, eləcə də vətənpərvərlik ruhunun təbliğidir.

Layihənin vəzifələri müxtəlif bölgələrdən olan məktəblilər arasında "bilik körpüsü"nün yaradılması, onların bir-birinə yaxınlaşdırılması, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi və dünyagörüşlərinin genişləndirilməsi, istedadlı gənclərin aşkarlanması, həmçinin fəallarla yanaşı, passiv şagirdlərin də layihəyə cəlb olunmasıdır.

Layihənin rəhbəri Bilik Fondunun baş məsləhətçisi, sosiologiya elmləri doktoru, professor Rəfail Həsənovun sözlərinə görə, layihədən gələcəkdə respublikanın bütün bölgələrində təhsil alan orta ümumtəhsil məktəb şagirdlərinin faydalanması nəzərdə tutulub: "Respublikanın 10 rayonunda yerləşən 10 məktəbə ölkənin 10 digər bölgəsindəki 10 məktəbdən şagirdlər dəvət olunacaq, onlar bir-biri ilə tanış olacaq, birgə tədbirlər keçirəcəklər. Bütün məktəblərdə eyni saatda məktəb və rayon rəsmilərinin iştirakı ilə gələcək əməkdaşlığın əsasını qoyacaq "Qardaşlaşma haqqında Saziş" imzalanacaq. Sənədə əsasən, qardaşlaşmış məktəblərin birgə konfranslar, dəyirmi masalar, sərgilər, konsertlər, muzey və tarixi yerlərə ekskursiyalar, hər iki rayon rəsmiləri, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirməsi nəzərdə tutulur. "Qardaşlaşmış məktəblər" layihəsi, xüsusilə, etnik müxtəlifliyi ilə seçilən regionlarda şagirdlər arasında bütün xalqlara, fərqli mədəniyyətlərə hörmət və dözümlülük aşılayacaq, azərbaycançılıq məfkurəsinin dərin kök salmasına xidmət edəcəkdir.

Layihə təkcə məktəbliləri əhatə etmir, eyni zamanda, tələbələrin də könüllü qismində iştirakı nəzərdə tutulur. "Qardaşlaşmış məktəblər" layihəsi sentyabrın 15-də "Bilik günü" münasibəti ilə respublikanın bütün rayonlarında keçiriləcək "İlk dərs"lə davam edəcək.
Növbəti tədris ilində Bilik Fondu "Qardaşlaşmış məktəblər" layihəsini digər regionlarda da davam etdirəcəkdir.

AzNews.az