Ebola qurbanlarının sayı 1013 nəfərə çatdı

12 Avqust 2014 21:35 (UTC+04:00)
Ebola qızdırması epidemiyası qurbanlarının sayı 1013 nəfərə çatıb.

ANS PRESS-in məlumatına görə, Dünya Səhiyyə Təşkilatı (DST) bildirir ki, Qərbi Afrika ölkələrində Ebola qızdırması epidemiyası qurbanlarının sayı artaraq 1012 nəfərə çatıb, 1848 adam isə virusa yoluxub.

BMT-nin səhiyyə sahəsində xüsusi agentliyinin informasiyasına görə, avqustun 7-dən 9-dək Qvineya, Liberiya, Syerra-Leonedə bu təhlükəli xəstəliyə 69 yoluxma faktı qeydə alınıb, 52 nəfər dünyasını dəyişib. DST-nin ötən həftə beynəlxalq miqyaslı təhlükə elan etdiyi Ebola virusunun səbəb olduğu xəstəlikdən ölənlərin çoxu Qvineya sakinləridir. Burada epidemiya ötən ilin dekabrında başlayıb: nəticədə 315 nəfər dünyasını dəyişib. Qonşu Liberiyada 323 adam, Syerra-Leonedə 315 adam ölüb. Nigeriyada ölüm hallarının sayı dəyişməyib: Ebola qızdırması iki nəfərin ölümünə səbəb olub.

Daha əvvəl ABŞ Prezidenti Barak Obama və Ərzaq Məhsullarına və Dərmanlara Nəzarət İdarəsi (FDA) Liberiya hökumətinin Ebola virusuna yoluxanların müalicəsi üçün eksperimental zərdabın göndərilməsi tələbini təqdir ediblər.

Qeyd edək ki, DST "müalicəsi üçün qeydiyyata alınmış vaksinin və ya dərmanın olmadığı bu xəstəliyə qarşı mübarizə üçün effektiv, lakin sınaqdan keçirilməyən preparatlardan istifadə etmək mümkündürmü" sualına cavab vermək məqsədi ilə avqustun 11-də tibbi etika üzrə ekspertlərin telekonfrans rejimində müşavirəsini keçirib.

Bu arada məlum olub ki, Nigeriyadan qayıdan Rumıniya vətəndaşı Ebola virusunun simptomları ilə Buxarest şəhər xəstəxanasına yerləşdirilib. Nigeriya Ebola virusuna yoluxan 13 nəfərlə Afrikanın dördüncü ölkəsidir. Ebola xüsusilə Afrikanın kasıb ölkələrində daha çox təhlükə yaradır. Burada virusa yoluxanlar arasında ölənlərin sayı 90 faizə çatır.

AzNews.az