Göygöl rayonunun yeni baş planı hazırlanır

13 Avqust 2014 15:43 (UTC+04:00)


AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Göygöl rayonunda indiyədək bütün tikinti işləri 1984-cü ildə hazırlanan baş plana uyğun aparılıb. Lakin həmin planın vaxtı bitdiyindən və istənilən nəticəni vermədiyindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yeni layihə hazırlayıb.

Göygöl rayonunun baş memarı Vüqar Hacıyevin sözlərinə görə, layihənin ilkin planı artıq ictimaiyyətə təqdim olunub: "Baş planda şəhərin əsasən iki istiqamətdə - cənub və şərqə doğru genişlənməsi nəzərdə tutulub. Bununla da, Göygöl rayonunun ərazisi genişləndiriləcək. Həmin ərazilərdə isə kvartallarla küçələr, parklar salınacaq, həmçinin çoxmərtəbəli binaların tikintisi planlaşdırılır".

Qeyd edək ki, layihənin ictimai müzakirəsi avqustun 4-dən etibarən başlayıb və 60 gün müddətində Göygöl şəhərində keçiriləcək.

AzNews.az