“Həzi Aslanov”da etiraz aksiyası

13 Avqust 2014 18:49 (UTC+04:00)
Bu gün saat 19:00 radələrində metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 33 ünvanda etiraz aksiyası keçirilib. 100-ə yaxın sakin yolu bağlamağa cəhd göstərib.

AzNews.az xəbər verir ki, bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.

Aksiya iştirakçıları ərazidə olan əlil və uşaqlar üçün meydançanın dağıdılmasına etiraz ediblər. Əraziyə polislər cəlb olunub.

Sakinlər bildirdilər ki, meydançanın ərazisi bir iş adamına satılıb. Əlillərin və uşaqların dincəldiyi ərazidə qazıntı işlərinə başlanılıb. Hələlik adı gizli saxlanılan iş adamı meydançanın yerində özəl uşaq bağçası inşa etdirir. Ərazidə işləyən fəhlələr sakinlərə bildiriblər ki, iş adamı meydançanı 1 milyon manata satın alıb.

Sakinlər isə söküntünün dayandırılmayacağı təqdirdə magistral yolu bağlayacaqlarını söyləyiblər. Polis aksiyanı dağıtmaq üçün sakinlərə xəbərdarlıq edib. Dağılışmağa razılıq verən sakinlər növbəti aksiyanı sabaha təyin ediblər.

AzNews.az