Aleksandr Düma, Trotski və Aqata Kristinin əsərləri öz dilimizdə - FOTO

14 Avqust 2014 08:49 (UTC+04:00)

"Qanun" Nəşriyyatı dünya ədəbiyyatı incilərindən daha üçünü Azərbaycanca çap edib. AzNews.az bəbər verir ki, bunlar Aleksandr Dümanın "QAFQAZ SƏFƏRİ", Lev Davidoviç Trotskinin "GÜNDƏLİKLƏR VƏ MƏKTUBLAR" və Aqata Kristinin "ON ZƏNCİ BALASI" əsərləridir.



"QAFQAZ SƏFƏRİ"
Bu kitaba əsərləri ilə dünya şöhrəti qazanmış böyük fransız yazıçısı Aleksandr Dümanın (ata) – "Qafqaz səfəri" yol qeydlərinin Azərbaycanla bağlı olan hissələri daxil edilib.
Yazıçı-səyah keçən əsrin ortalarında Azərbaycana gəlib və ərazimiz, tariximiz, xalqımız, adət-ənənələrimiz, maraqlı şəxsiyətlərimiz haqqında öz təəssüratlarını qələmə alıb.
Əsərin tərcüməçiləri: Qəzənfər Paşayev və Həmid Abbasov




"GÜNDƏLİKLƏR VƏ MƏKTUBLAR"

Bu nəşrə Trotskinin 1926-1940-cı illərdə yazdığı bütün gündəlikləri və gündəlik xarakterli qeydləri, eləcə də məktublar, teleqramlar, ərizələr, məqalələr, ölümündən bir az əvvəl yazdığı vəsiyyətnaməsi daxil edilib. Bütün materiallar Qərbin üç böyük arxivindən: ABŞ-ın Harvard və Stenford universitetlərinin, Amsterdam Beynəlxalq Sosial Tarix İnstitutunun arxivlərindən götürülüb.
Kitab ali və orta məktəb müəllimləri, tələbələr, elmi işçilər, həmçinin XX əsrin siyasi tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.
Tərcüməçilər: Təhminə Bədəlova və Həbib Həbiboğlu



"ON ZƏNCİ BALASI"

Kiçik bir ada və bir-birini tanımayan on qonaq…
Naməlum ev sahibi…
Bəs görəsən, hər kəsi bura dəvət edən bu məşum cənab kimdir?
Qonaqların bunu araşdırmağa isə vaxtı qalmır. Patefon valından növbəylə səslənən ittihamlar bütün qonaqlar sanki hakim qarşısında, müttəhim kürsüsündə hiss etməyə vadar edir. Əlqərəz, əsl faciələr də bundan sonra başlanır. Naməlum ev sahibi tərəfindən ittiham olunan qonaqlar qəribə ardıcıllıqla qətlə yetirilirlər. Adada isə onlardan başqa heç kim yoxdur…
Tərcümə: İlqar Fəhmi