Həyat yoldaşı ilə birgə özünü yandıran Qarabağ qazisi danışdı

14 Avqust 2014 11:52 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında Qarabağ müharibəsi veteranı Elçin Salahov yoldaşı Jalə Salahova ilə birgə Prezident Administrasiyası önündə özlərini yandırıblar. Hazırda hər iki şəxs 5 saylı xəstəxananın yanıq şöbəsindədir.

Bu gün günorta saatlarında "Qarabağ qaziləri" Birliyinin sədri Etimad Əsədov bir qrup Qarabağ qazisi ilə birgə Elçin Həsənovu ziyarət ediblər. Onlardan yalnız E. Əsədov palataya buraxılıb. Birliyin sədri Elçin Salahovun yanında olarkən onlarla əlaqə saxladıq.

Durumu ilə bağlı olaraq, çox danışa bilməsə də Elçin Salahov vəziyyətinin ağır olduğunu bildirdi: "Burada bizə yardım edirlər, müalicəmizi aparırlar. Dünən Prezident Administrasiyasından nümayəndə gəldi, görüşdük və müalicəmizi öz üzərlərinə götürdülər. Söz veriblər ki, ev məsələsini də bizim xeyrimizə həll edəcəklər."

39 yaşlı Qarabağ qazisinin sözlərinə görə, evdə onları 5 yaşlı qızları gözləyir. 33 yaşlı həyat yoldaşı Jalə Salahovanın vəziyyəti isə daha ağırdır, hələ də reanimasiyadadır.

Etimad Əsədov da təsdiqlədi ki, hazırda Elçin bəyin vəziyyəti normaldır: "Ağır dərəcəli yanıq xəsarəti var. Beli, ayaqları yanıb. Yoldaşının vəziyyəti yaxşı deyil, reanimasiyaya yerləşdiriblər. Bu addımı atmalarına səbəb məhkəmənin çıxardığı qərar olub. Azərbaycan məhkəməsi çox ədalətsiz qərar verib, onları öz pulu ilə aldıqları evdən çıxarıb".

Etimad Əsədov Qarabağ qazilərinə olan laqeyd münasibətdən narazılığını bildirib: "Gərək bütün Qarabağ qaziləri özünü yandırsın ki, onların probleminə kimsə baxsın? Cənab Prezident hər görüşündə deyir ki, Qarabağ qazilərinə, əlillərinə, şəhid ailələrinə qayğı göstərilməlidir, hər kəs onlara hörmətlə yanaşmalıdır. Bütün bunları bilə-bilə məhkəmələrdə, dövlət qurumlarında Qarabağ veteranlarına çox aşağılayıcı, ögey münasibət var. Bunun da nəticəsi odur ki, Qarabağ qazisi ailəsi ilə birgə özünü yandırıb."

Qeyd edək ki, Elçin Salahov 1992-1997-ci illərdə Tərtərdə cəbhə bölgəsində döyüşüb.


Musavat.com