Özünü yandıran Qarabağ qazisi - VİDEO

14 Avqust 2014 17:12 (UTC+04:00)
Ötən gün həyat yoldaşı ilə birgə Prezident Administrasiyası qarşısında özünü yandıran Qarabağ qazisi Elçin Salahov hazırda 5 saylı xəstəxananın yanıq şöbəsində müalicə alır. Etirazını özünü yandırmaqla bildirən ailənin son durumunu öyrənmək üçün onlara baş çəkdik.

Elçin Salahov bildirdi ki, iki gün ərzində əlaqədar dövlət qurumlarından nümayəndələr gələrək onun durumu ilə maraqlanıblar.

Sumqayıt Şəhər Prokurorluğundan, İcra Hakimiyyətindən və Prezident Administrasiyasından nümayəndələr Qarabağ qazisinə baş çəkib, ona maddi, tibbi, hüquqi yardım göstərəcəklərinə söz veriblər.

E. Salahov onu da qeyd etdi ki, hadisə ilə əlaqədar cinayət işi açılıb, onu və həyat yoldaşını tibbi ekspertizadan keçiriblər, iş üzrə istintaq gedir.

Qeyd edək ki, 1975 - ci il təvəllüdlü E. Salahovun 5 yaşlı qız övladı var. Hadisədən bir gün öncə onu xalasının evinə aparıblar və hazırda orada qalan balaca valideynlərinin başına gələnlərdən xəbərsizdir.

Bu haqda daha ətraflı məlumatı təqdim etdiyimiz videodan izləyin.



Müsavat