Ramil Usubov 120 zabiti vəzifəyə təyin etdi

15 Avqust 2014 15:13 (UTC+04:00)
Avqustun 15-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib. Modern.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov qeyd edib ki, bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş 120 nəfərin təyinatı şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında püşkatma yolu ilə həyata keçirilib. Nəticədə DİN-in müvafiq əmrləri ilə məzunlardan 44 nəfəri Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində, 76 nəfəri isə daimi yaşadıqları yerlər üzrə respublikanın ərazi polis qurumlarında zabit vəzifələrinə təyin edilib.

R.Usubov Polis Akademiyasında aldıqları nəzəri biliklərin praktiki tətbiqində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, inamla inkişafa doğru getmələrini, xalqa və Vətənə sədaqətli xidmətləri ilə polis adını həmişə uca tutmalarını gənc zabitlərə tövsiyə edib.
Nazir əmin olduğunu bildirib ki, bu gün respublikamızın daxili işlər orqanlarının zabit heyəti sıralarına yenicə qoşulmuş gənc əməkdaşlar qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, ölkəmizdə asayişin nümunəvi təminində öz səylərini əsirgəməyəcək, onlara göstərilmiş etimadı əməli fəaliyyətlə doğruldacaqlar.

Tədbirin sonunda gənc zabitlərin suallarını cavablandıran nazir onları narahat edən bəzi problemlərin həlli üçün DİN-in aidiyyatı qurumlarına müvafiq tapşırıqlarını verib.

AzNews.az