İranda güclü zəlzələ baş verdi - 250-dən çox insan xəsarət aldı (Yenilənib 3)

18 Avqust 2014 14:06 (UTC+04:00)


Bu barədə Trend bazar ertəsi IRINN telekanalına istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ avqustun 18-də yerli vaxtla saat 07:02-də qeydə alınıb.

Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində olub.

İlkin məlumata görə, zəlzələ nəticəsində xəsarət alanların sayı artıq 260 nəfərə çatıb. Məlumata əsasən, zəlzələ bölgəsində olan evlərin 50 faizi zərər çəkib.

Bundan əvvəl "Fars" agentliyinin verdiyi məlumata görə, xəsarət alan 80 nəfərdən 59-u artıq evə buraxılıb. Zəlzələ nəticəsində kəndlərə su, elektrik enerjisinin verilişində problem yaranıb.

Abdanan vilayətinin valisi Məcid Əsgəri deyib ki, zəlzələ nəticəsində Mormori şəhərinin infrastrukturunun 70-80 faizi zədələnib. Onun sözlərinə görə, güclü zəlzələdən sonra 30 xırda zəlzələ qeydə alınıb.


***
11:36

İranın İlam əyalətinin başçısı Məhəmməd Murvarid deyib ki, Murmuri şəhərində baş verən zəlzələdə yaralananların sayı 50 nəfərə çatıb.

Maide.az-ın Mehr agentliyinə istinadən məlumatına görə, M.Murvarid deyib ki, zəlzələ nəticəsində ölən olmayıb. Yaralılara tibbi yardım göstərilir.

O deyib ki, Murmuri şəhərinin 8 kəndində dağıntılar qeydə alınıb. Evlərə və infrastruktura ciddi ziyan dəyib.


***
10:06

İranın İlam əyalətində Rixter cədvəli üzrə 6.1 bal gücündə zəlzələ baş verib.

İranın İSNA xəbər agentliyinin məlumatına görə, Tehran Universitetinin Geofizika institutu zəlzələnin bu gün səhər yerli vaxtla saat 07:02-də baş verdiyini bildirib. Yeraltı təkanlar əhali arasında qorxuya səbəb olub.

Zəlzələ İlam əyalətinin Murmuri şəhərində qeydə alınıb. Ötən axşam baş verən zəlzələdən sonra indiyədək daha 4 dəfə bu bölgədə Rixter 4.8 bal gücündə zəlzələ baş verib.

Zəlzələ nəticəsində şəhərdə evlərlər dağılıb, su, elektrik və digər kommunikasiya sistemləri sıradan çıxıb.

Mehr agentliyinin məlumatına görə, indiyədək zəlzələ nəticəsində 40 nəfər yaralanıb.

Həlak olanlar barədə hələlik məlumat verilməyib. (Maide.az)

***
09:59

İran İslam Respublikasında rixter şkalası 6,2 bal gücündə zəlzələ baş verib.

AzNews.az-ın məlumatına görə, bu barədə xəbəri ABŞ-ın Geologiya Xidməti yayıb.

Xəbərdə bildirilib ki, zəlzələ avqustun 18-də səhərə yaxın İranın qərb hissəsində - İraqla həmsərhəd bölgədə baş verib.

Zəlzələnin episentiri Tehrandan 480 km qərbdə 10 km dərinlikdə olub.

Təbiət hadisəsi zamanı xəsarət alanlar haqda məlumat yoxdur.
Onu da qeyd edək ki, İran mediası da zəlzələ ilə bağlı hər hansı xəbər yaymayıb.

Məhəmməd
AzNews.az