Bakı Dövlət Universitetində tibb fakültəsi yaradıla bilər

12 Sentyabr 2012 12:01 (UTC+04:00)
Bakı Dövlət Universitetinin (BDU) radio və televiziyası yaradılacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə BDU-nun rektoru Abel Məhərrəmov bildirib.

Onun sözlərinə görə, bu, çox aktual məsələdir: "Azərbaycanda ilk olaraq jurnalist kadrların hazırlanmasına Bakı Dövlət Universitetində başlanıb. Jurnalistika çox sürətlə inkişaf edir. Çünki jurnalistikada informasiya kommunikasiya texnologiyaları geniş istifadə edilir. Bizim belə bir studiyamız var. Universitet daxilində yeni studiyanın yaradılması haqqında geniş layihə var və yaxın zamanlarda bu layihə həyata keçiriləcək".

Rektor həmçinin deyib ki, BDU-da tibb fakültəsinin yaradılması gündəmdədir: "Bu gün Azərbaycanda və bütün dünyada elmlər sərbəst inkişaf etmir. Günün tələbi ona gətirib çıxaracaq ki, nəinki tibb fakültəsi yaradılacaq, həmçinin bu istiqamətdə olan ixtisaslar - molekulyar biologiya, gen mühəndisliyi, nanotexnologiyalar tibb fakültəsində tətbiq olunacaq. Hələlik bu istiqamətdə fundamental tədqiqatlar aparılır".

AzNews.az