Bakıda “İŞİD” əleyhinə konfrans – Beynəlxalq təşkilatlara müraciət edildi(FOTO)

21 Avqust 2014 12:26 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, tədbirdə çıxış edən DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı dünyadakı siyasi, etnik və dini zəmində konfliktlərə diqqəti yönəldib.

Din pərdəsi adı altında terror aktlarının həyata keçirildiyini deyən S. Rüstəmxanlı bildirib ki, təkcə Kərkükdə hər gün minlərlə insan qırılır: "Dünya dövlətləri isə bu insanlara yardım etmir. Türkiyə dövləti daxil olmaqla, Azərbaycanda da təəssüf ki, heç kimin bu məsələ ilə bağlı səsi çıxmır. Orada olan başqa millətlərə kömək var, ancaq məhz türkmənlərə heç bir kömək yoxdur".

S. Rüstəmxanlı deyib ki, bu terrorçu təşkilatlara ABŞ və İsraildən dəstək göstərilir: "İsrail kürdlərə dəstək verir. Açıq aşkar görsənir ki, ortaya atılmış "Böyük Orta Doğu projesi" reallaşdırılmasına çalışılır".

İnternet vasitəsilə tədbirə qoşulan DAK İdarə Heyətinin üzvü, İraq-Türkmən Yazarlar Birliyinin sədri Əkrəm Fevzi Dərzioğlu bildirib ki, Azərbaycanda türkmənlərin taleyinin müzakirə olunması sevindirici haldır. Onun sözlərinə görə, İraqda türkmənlərə zülm edilir, onlara kommunal problemlər yaradılır, çörək verilmir: "Kimi çadırlarda, kimi məktəblərdə yatır. Yurd-yuvasından didərgin düşən İraq türkmənləri və Kərküklər yer üzərindən silinir. BMT və beynəlxalq təşkilatlar hüquqları tapdanan türkmənlərə heç bir yardım etmirlər. 2003-dən bu günə kimi İraq türkmənlərinə zülm edilir. Buna görə də biz bütün türk dünyasına səslənir, onlardan kömək istəyirik".

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə çıxışında bildirib ki, Qarabağda gedən proseslər bu gün İraqda baş verir: "Heç kim üçün sirr deyil ki, nə "İŞİD", nə də "əl-Qaidə" müsəlmanların işi deyil. Bu təşkilatların başında dayananların əksəriyyəti qeyri-müsəlmanlardır. Onlar İslam və türk dünyasını məhv etmək məqsədi güdürlər. Bu gün İraqda baş verənlər hadisələrin birbaşa Azərbaycana da təsiri ola bilər. Yaradılacaq kürd dövləti alət kimi türklərə qarşı istifadə olunacaq. Bu baxımdan DAK dövlət səviyyəsində bu məsələnin qarşısını almaq üçün təşəbbüs göstərməlidir".

Sonda DAK adından, qurumun həmsədri, millət vəkili Sabir Rüstəmxanlı dünya birliyinə, beynəlxalq təşkilatlara Şərqdə baş verən hadisələrlə bağlı müraciət edib. Müraciətdə deyilir:

"Son illərdə dünyanın əsas ideoloji ocaqlarından, güc mərkəzlərindən "sivilizasiyaların dialoqu", "milli və dini inteqrasiyalar" barədə nə qədər çoxçeşidli şüarlar səslənirsə, siyasi, etnik və dini zəmində konfliktlər bir o qədər kəskinləşir, qütbləşmələr dərinləşməkdə davam edir.

Müəyyən maraqlı güclər tərəfindən reallaşdırılan belə terrorizm aktları, milli-etnik münaqişələr, dini qarşıdurmalar, demək olar ki, bu gün əksər Şərq ölkələrini bürümüşdür. Misirdə, Suriyada, İraqda, Qəzza bölgəsində və s. baş verən hadisələr minlərlə insanın həyatı bahasına başa gəlsə də, dünyanın söz və güc sahibləri hələ də buna seyrçi mövqedən yanaşmaqda davam edirlər. Qərbin terrorçu təşkilat elan etdiyi HƏMAS-ın cəzasını nədənsə Qəzzada heç bir günahı olmayan qadınılar, uşaqlar, qocalar çəkir, qısa müddət ərzində bu regionda 2 mindən artıq dinc insan faciəvi şəkildə qətlə yetirilib. Suriyada müxtəlif silahlı qrupların arasında baş vermiş qarşıdurmalar minlərlə insanın həyatına son qoyub, ölkə xarabalığa çevrilib. Demokratik dünyanın gözünün qarşısında Misirdə hakimiyyət çevrilişi etmiş hərbçi qrup bir gündə 600-dən çox insanı əqidəsinə və inancına görə edam kötüyünə göndərir. Bir sözlə, baş verən hadisələrin məntiqi anlaşılmır.

Bu faciəvi proseslərdə ən ağır durumda qalan xalqlardan biri də zaman-zaman İraq və Suriyada yaşayan türkmanlardır. Məlum olduğu kimi, İraqda son hadisələrə qədər 2 milyon yarımdan artıq, Suriyada isə 1,5-2 milyon civarında türkmən yaşamışdır. Həm Suriya, həm də İraq türkmanlarının taleyi tarix boyu acınacaqlı olub. Suriya türkmanlarının böyük bir qismi 1967-ci ilə qədər Colan təpələrində yaşayıb və bu yerlər İsrail ordusu tərəfindən işğal olunduqdan sanra onlar köçkünə çevrilib və nəhayət, Dəməşq və onun ətrafında məskunlaşıblar. Bu gün Suriya və İraqda yaşayan bütün digər xalqlar müəyyən təşkilatlarda birləşərək, hərbi-güc mərkəzlərini yaradıb və beynəlxalq qüvvələrlə əlaqəli şəkildə öz hüquqları uğrunda mübarizə aparsalar da, burada kimsəsiz qalmış türkmanlar haqqında bu sözləri demək mümkün deyil. Onlara təşkilatlanmaq və özünümüdafiə qüvvələri yaratmaq imkanı verilməyib. Təkcə bu ilin may ayında bir gündə Suriyada türkman məhəlləsinin bombalanması nəticəsində 100-dən artıq türkman qətlə yetirilib.

Statistik məlumata görə, Suriyada qətlə yetirilmiş 100 min insanın təxminən 20 mini türkmandır. Bunu bir xalqın soyqırımı da hesab etmək olar.

İraqda isə durum daha acınacaqlıdır. Səddam Hüseyn dövründə ardıcıl təzyiqlərə məruz qalan türkmanlar hakimiyyət dəyişikliyindən sonra daha ağır vəziyyətə düçar olmuşlar. Belə ki, İraq Şam İslam Dövləti deyilən süni şəkildə yaradılmış silahlı bir qrupun keçən ay Kərkükə hücumu 2200 türkmanın qətli ilə nəticələnmişdir. Onlar hətta qadınlara, qocalara, uşaqlara aman verməmiş, günahsız insanları çox yerdə diri-diri torpağa basdırmışlar. Tarixi türkman (Azərbaycan) torpağı olan Mosulun əldən-ələ keçməsi isə türkmanların öz ev-eşiklərindən didərgin düşmələrinə və onların böyük əksəriyyətinin fiziki məhvinə səbəb olmaqdadır.

Lakin bütün bu müdhiş faktlar indiyədək dünyanın heç bir demokratik dövlətində gündəmə gəlməmiş, üstəlik, nə Türkiyədə, nə də digər türkdilli respublikalarda hər hansı rezonans doğurmamışdır.

Qədim türkman torpaqlarına iddia irəli sürən və uzun illər dünyanın terrorçu təşkilat kimi tanıdığı PKK-çılara müəyyən güclər hazırkı şəraitdən istifadə edərək, dövlət qurmağa kömək etdikləri halda, türkmanlar didərgin salınır, onlar həm dini, həm də milli-etnik təzyiqlərə məruz qoyulurlar. Əgər dünyanın söz və güc sahibləri demokratik prinsipləri, milli-etnik hüquqları əldə əsas tutaraq, İraqda yaşayan kürdlərə dövlət qurmaqda yardım edirlərsə, onda türkmanların bu hüquqlarına niyə hörmətlə yanaşılmır? Həm də nəinki hörmətlə yanaşılmır, əksinə, bir xalqın hüququnu tapdalamaqla digər xalqın quracağı dövlətin sərhədini genişləndirməyə çalışırlar.

Biz - Dünya Azərbaycalıları Konqresi olaraq bu gün Suriya, İraq, Qəzza kimi konfliktli bölgələrdəki bütün xalqların, milli-etnik azlıqların insan haqlarını müdafiə etməklə bərabər, İraqdakı türkmanların da milli-tarixi hüquqlarının bərpasında dünyanı ədalətli mövqe nümayiş etdirməyə çağırırıq. DAK eyni zamanda Türkiyənin və türk respublikalarının rəsmi dairələrinə, ziyalılarına, adi vətəndaşlarına üz tutaraq İraq türkmanlarını soyqırım faktları qarşısında tək qoymamağa çağırır. Yaranmış şəraitdən istifadə edərək, İraq türkmanlarına öz milli-muxtariyyət huquqlarını qorumaqda dəstək verməyi insan hüququ uğrunda mübarizə aparan hər bir şəxsin başlıca vəzifəsi sayır.

DAK həmsədri Sabir Rüstəmxanlı


Amid
AzNews.az