Misirdə avtobuslar toqquşdu - 33 nəfər öldü

22 Avqust 2014 09:09 (UTC+04:00)
Cümə günü səhər Misirdəki Sina yarımadasının cənubunda iki turist avtobusunun toqquşması nəticəsində ölənlərin sayı son məlumatlara görə 33 nəfərə çatıb, 40-dan artıq insan yaralanıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Misirin MENA agentliyinə istinadən xəbər yayıb.

Yol qəzası məşhur Şarm-əş-Şeyx kurortunun 50 kilometrliyində baş verib. Zərərçəkənlərin şəxsiyyətləri barədə ziddiyyətli məlumatlar daxil olur. "Röyter" agentliyi Səhiyyə Nazirliyinin yerli nümayəndəsi Məhəmməd Laşinə istinadən xəbər verir ki, xəsarət alanlar arasında Rusiya, Səudiyyə Ərəbistanı və Yəmən vətəndaşları var. Digər kütləvi informasiya vasitələri isə xəsarət alanların Rusiya deyil, Ukrayna vətəndaşları olduqları barədə xəbər verirlər.

Qəzanın baş verdiyi yerdə xilasetmə işləri davam edir.

AzNews.az