Milli yığmamız Parisə yola düşüb

12 Sentyabr 2012 14:53 (UTC+04:00)
İdman dırmanması üzrə ölkəmizin milli yığma komandası 12-17 sentyabr tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək Dünya Çempionatına yola düşüb. İdman dırmanması üzrə Dünya Çempionatında ölkəmizi Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançılarından ibarət 8 nəfərlik komanda təmsil edəcək.

Gənclər və İdman Nazirliyinin "Təqvim Planına" əsasən Dünya Çempionatında iştirak edəcək milli yığma komandanı Gənclər və İdman Nazirliyinin nümayəndəsi ilə yanaşı FAİREX-in rəhbərliyi, eləcə də Federasiya tərəfindən Türkiyədən dəvət olunmuş idman dırmanması üzrə peşəkar mütəxəssis müşayət edir.

Qeyd edək ki, bu mötəbər yarışda FAİREX və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) rəhbərliyi Bakıda ilk dəfə keçiriləcək idman dırmanması üzrə Dünya Kubokunun mərhələ yarışının təşkili ilə bağlı məsləhətləşmələr də aparacaq. Yarışın 22-23 iyun 2013-cü il tarixində keçirilməsi nəzərdə tutulur.

E.Əlosmanqızı
AzNews.az