Əmək Müfəttişliyi Xidməti 700-dən çox müəssisədə yoxlama aparıb

22 Avqust 2014 14:50 (UTC+04:00)

Qurumdan AzNews.az-a daxil olan məlumata görə, EİS-də qeydiyyatdan keçməyən əmək müqavilələri ilə işləyənlər qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olanlar hesab ediləcək

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı seminar-müşavirə keçirib.

Seminarı giriş sözü ilə açan 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə qeyd etdi ki, bu tədbir maarifləndirmə xarakterli tədbirdir və gələcəkdə bu kimi seminar-müşavirələrin sayı daha çox olacaq.

Əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi qanunvericilıyin tələbidir devizini qeyd edən Araz Bayramzadə qeyd etdi ki, 700-dən çox müəssisədə əmək qanunvericiliyinə dövlət nəzarəti həyata keçiriılmiş, 250-dən çox şikayət ərizəsi araşdırılmış, yüzlərlə sorğuya cavab verilib.

Paytaxtın Xətai və Suraxanı rayonlarının işəgötürənlərinin də fəal iştirakı ilə keçən tədbirdə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sekta müdiri Tərlan Mürsəlov da çıxış edərək Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, cari ilin 1 iyulundan əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiq olunmasının işçi və işəgötürənlər üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu tədbirin önəmli cəhətlərindən bəhs edib.

Sekta müdiri bildirdi ki, ölkəmizin əmək qanunvericiliyinə edilən dəyişikliyə əsasən, işçi və işəgötürənlər arasında bağlanan əmək müqavilələri, eləcə də bu müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi yalnız müvafiq bildiriş formalarında EİS-də qeydiyyatdan keçirildikdən sonra hüquqi qüvvəyə minir.

EİS-də qeydiyyatdan keçməyən əmək müqavilələri ilə işləyənlər əslində qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olanlar hesab ediləcək.

Tədbirdə belə hallarla bağlı qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri işəgötürənlərin diqqətinə çatdırıldı. Qeyd olundu ki, ölkəmizin Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişini EİS-ə daxil etmək işəgötürənlərin vəzifələrindən biridir.

Bu sahədə işəgötürənlərə əməli köməkliklər göstərilməsi üçün ƏƏSMN tərəfindən respublikanın bütün bölgələrində "Yardımçı masaları" yaradılıb. Eyni zamanda, onlar ƏƏSMN-nin 142 "Çağrı mərkəzi"ndən, nazirliyin rəsmi internet saytından (www.mlspp.gov.az) məlumatlar əldə edə bilərlər.

Tədbirdə daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi Aynurə Qarayeva çıxış edərək, işəgötürənlərə əmək müqaviləsi bildirişinin "Elektron hökumət" portalı (https://www.e-gov.az) üzərindən gücləndirilmiş elektron imza ilə EİS-ə daxil edilməsi qaydaları ilə bağlı praktik məlumatlar verib.

AzNews.az