Abbas Abbasovla bağlı ifşaedici sənəd yayıldı - FOTO

22 Avqust 2014 16:02 (UTC+04:00)
Bu gün saat 17 radələrində bir çox saytlara Abbas Abbasovu və onun oğlu Aydın Abbasovu gözdən salmaq məqsədi daşıyan "ifşaedici materiallar" göndərilib.

Materialda Aydın Abbasovun nənəsinin erməni millətindən olması və özünə qeyri-azərbaycanlılardan ibarət mühafizə dəstəsi saxlaması vurğulanır.

Materialda qeyd olunur ki, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin ("AzerRos"un) Ağsaqqallar Şurasının sədri, baş nazirin sabiq müavini Abbas Abbasovun 1924-cü il Şəmkir rayonunun Borum kəndində doğulmuş erməni qaynanası Göharik Voskanovnanın adı sonradan Gövhər olaraq dəyişdirilib və o, Gəncə şəhərində həyat yoldaşı Nobil Quluyevin yanında dəfn olunub.


Qeyd olunur ki, Ermənistanla sıx biznes əlaqələri olan A.Abbasovun Rusyada da ermənilərlə şərikli biznes obyektləri var: "Etibarlı mənbə tərəfindən verilən məlumata əsasən A.Abbasovun erməni qaynanası Göharik kürəkəni tərəfindən (Baş Nazirin birinci müavini olduqdan sonra) məcburən İmamzadədə "islam dinini" qəbul edib. Onun qaynanası vəfat etmədən öncə, erməni qohumlarının adlarını sadalayıb və Ermənistanda dəfn olunmağını vəsiyyət edib".



Anonim mənbədən yayılan kompromat səciyyəli materialda o da bildirilir ki, Abbas Abbasovun həyat yoldaşı Bella Abbasova Nobilovna (Nobil qızı) Xarici Dillər Universitetində çalışır: "Amma, o, 1995-ci ildən sonra fəaliyyətini praktiki olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alır. On il ərzində isə o, qiyabi olaraq elmlər namizədi olub. Dosent adı alıb. Həmçinin Abbas Abbasov ermənilərlə qohumluğunu pərdələmək üçün həyat yoldaşının adını dəyişərək Bilqeyisə çevirib".



Materialda Aydın Abbasovun nənəsinin dəfn mərasimi barədə də qeydlər var. Bildirilir ki, islam qaydalarına uğun olaraq həyətdə 2 böyük çadır qurulsa da, yasda iştirak edənlər çox az olub: "Buna səbəb isə vəfat edənin erməni olmasıdır. Millət vəkili Aydın Abbasov isə nənəsinin hüzr yerinə tək qatılmayıb. Onu çeçen əsilli 4 mühafizəçi (silahlı) müşayiət edib. Mühafizəçilərindən biri Rusya vətəndaşı Abiev Rüstəm Raqimoviç olub".

musavat.com