Tıxac problemi “tıxaca” düşüb

12 Sentyabr 2012 20:15 (UTC+04:00)


Artıq bir neçə ildir ki, tıxaclar Bakıda əsas problemlərdən birinə çevrilib. Özü də tıxaclar yalnız mərkəzdə və pik saatlarında deyil, şəhərin istənilən yerində, istənilən saatda yaranır. Bu barədə çox yazılıb, çox deyilsə də, problemin həlli yolunda çox az irəliləyiş hiss olunur. İki gün öncə isə problemin həllində nəinki irəliləyiş, əksinə, kəskin "geriləmə" müşahidə olundu. Paytaxtın nəqliyyat sistemi demək olar ki, iflic vəziyyətə düşdü. İnsanlar saatlarla yollarda qaldı. Bu, yol ötürücülərinə, körpülərə olan ümidi qırdı. Müvafiq qurumların rahat yollarla bağlı pozitiv proqnozlarını şübhə altına aldı. Bəs görəsən, tıxacların qarşısını almaq niyə bu qədər müşkülə çevrilib? Sıxlıq yaradan əsas amillər hansılardır?

Dayanacaqlar olsa, yollarda saatlarla dayanmarıq

İllərdir Bakının yollarında avtomobil idarə edən Məzahir Abdıyevin sözlərinə görə, bu gün getdiyin yolu sabah tanımaq olmur: "Dünən getdiyin yolu sabah keçəndə görürsən ki, çuxur qazılıb düşürsən çuxura. Nəticədə isə həm sürücü, həm sərnişinlər, həm də avtomobil ziyan görür. Bunun məsuliyyətini isə təbii ki, keç kəs üzərinə götürmür. Şəhərin mərkəzi küçələri bərbad vəziyyətdədir. Pik saatlar isə sürücülərin qənimidir. İnsanlar saatlarla tıxacda qalır. Bu halların başlıca səbəbi isə avtomobil dayanacaqlarının olmamasıdır. Dayanacaqlar olmadığı üçün maşın sahibləri məcbur olub avtomobillərini obyektlərin qarşısında saxlayır. Bu isə maşınlarını hərəkətinə əsaslı şəkildə mane olur. Dörd zolaqlı yollardan yalnız iki, yaxud bir istiqamətində hərəkət etmək olur".

Polislər vaxtında gəlsə, gözlərimizə inanmarıq

Sözsüz ki, tıxac və sıxlıq yaradan səbəblər təkcə yol təmirləri və dayanacaq azlığı ilə bağlı deyil. Avtomobillərin çoxluğu, yol hərəkəti qaydalarının pozulması da tıxaclar yaradır. Maraqlıdır görəsən, yol polisləri bu istiqamətdə sürücüləri razı salacaq şəkildə fəaliyyət göstərirlərmi?

Taksi sürücüsü olan Vahid Əliyevin sözlərinə görə, bu mənada yol polisləri yüksək dərəcədə iş sərgiləmir: "Məlum məsələdir ki, mərkəzi yollarda, prospektlərdə yol polislərinin avtomobillərin hərəkətinə nəzarət etməsi vacibdir. Lakin çox zaman bu idarəetmə sisteminin səmərəli qurulmaması nəticəsində saatlarla davam edən tıxaclar yaranır. Hətta bəzi vaxtlarda onlar tıxac yaranan yerlərə də vaxtında gəlmirlər".

Avtomobillər azalsa, bir-birimizi qırmarıq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin inspektoru, polis baş leytenantı Razi Zeynalov tıxac və sıxlığın əsas səbəbi kimi mərkəzi yolların bağlanmasını göstərdi: "Neftçilər və Zərifə Əliyeva prospektləri bağlandığı üçün nəqliyyatın idarə edilməsində çətinliklər yaranıb. Bu tıxacların yaranmasında yol polisi əməkdaşlarının fəaliyyətsizliyini əsas götürmək düzgün deyil. Çünki, bizim əməkdaşlar kifayət qədər səylə çalışırlar. Sadəcə olaraq son dövrlərdə tikinti-təmir işləri üçün xeyli ərazilər bağlanıb ki, bu da sürücülər arasında narahatçılığa səbəb olur. Qeyd etdiyim kimi iki əsas yol bağlı olduğu üçün əsas yük Rəşid Behbudov küçəsi və Bakıxanov prospektinə düşüb. Bunun nəticəsində isə nəqliyyatda sıxlıq müşahidə edilir. Lakin əminliklə sizə deyə bilərəm ki, yol polisi əməkdaşları hazırda ciddi şəkildə o yollarda işləyirlər. Hər bir kəsişmədə iki polis əməkdaşı vəzifə başındadır".

Sıxlığın ən əsas səbəbi kimi isə R.Zeynalov nəqliyyat vasitələrinin sayının çox olduğunu bildirdi: "Bakının ümumi ərazisinə, yol potensialına nəzər saldıqda isə həqiqətən maşınların sayının artıq olduğunu müşahidə edirik. Ölkədə təxminən bir milyon yarım avtomobil var. Bu isə o deməkdir ki, hər 100 ailədən 42-si şəxsi minik avtomobilinə sahibdir".

Fəridə Abdıyeva
AzNews.az