Müavini Şahin Sultanova "cinayətkar" dedi

23 Avqust 2014 10:50 (UTC+04:00)
Hazırda həbsdə olan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun müavini Yunus Məmmədov "Azadlıq" qəzetinə məktub göndərib. Yunus Məmmədov da həbsdədir. O, geniş həcmli məktubunda Şahin Sultanovla bağlı bəzi faktları açıqlayıb.


AzNews.az qəzetin Yunus Məmmədovun müəyyən ixtisarlarla yaydığı məktubunu təqdim edir:

Hamımız yoxlamalardan narahat idik

"...Şahin Sultanovun uzun illər törətdiyi qanunsuzluqların şahidi, bəzən isə təəssüf ki, onun törətdiyi cinayətlərin iştirakçısı kimi mən də cəmiyyətə müəyyən açıqlamalar vermək istəyirəm. Belə ki, Respublika Hərbi Prokurorluğu tərəfindən 2013-cü ilin noyabr ayının sonlarından başlayaraq HDQ-də yoxlamalara başlanıldığı vaxtdan mən də daxil olmaqla hamı keçmiş illərdən törətdiyimiz qanunsuzluqların aşkar olunmasından narahatçılıq keçirməyimizə baxmayaraq Şahin Sultanov əsassız arxayınçılıqla laqeyd münasibət göstərmiş, yoxlamanın gedişində yaxından iştirak edib aşkar edilmiş faktlara münasibətimizi bildirmək, aydınlıq gətirmək təkliflərimizə məhəl qoymamış, dikbaşlığının təsiri altında heç komissiya üzvlərini qəbul etməyi də özünə rəva görməmişdi. Əksinə yoxlamaya mane olmağa, zəruri sənədlərin təqdim olunmasına, mütəxəssislərin anbarlarda yoxlama keçirməsinə maneçilik törətməyə çalışırdı. Indi də yalandan deyir ki, guya məcburi məzuniyyətə göndərilib, yoxlama onun iştirakı ilə aparılmayıb. Halbuki, yoxlamanın ilkin mərhələsi 2013-cü ilin dekabr ayında yekunlaşmışdı, 2014-cü ilin yanvar ayının əvvəllərində də akt hazır idi və hərbi hissənin aidiyyatı vəzifəli şəxsləri tərəfindən də imzalanaraq aktda göstərilənlərlə razılaşılmışdı.

Niyə miçman rütbəli hərbi qulluqçunu 3 böyük saxlanca rəis təyin edirdiniz?

Şahin Sultanov bildirir ki, vaxtilə intizamsızlığa görə HDQ-dən kənarlaşdırılmış Sübhan Bəkirov RHP tərəfindən yoxlama komissiyasına daxil edilib, o da qərəzli olduğundan yoxlamanı düzgün aparmayıb. Guya prokurorluq Sübhan Bəkirovu Gəmi Təmiri zavoduna vəzifəyə qoydurub. Çox maraqlıdır ki, nə vaxtdan hərbi hissələrə RHP adam təyin edir? Elə Sübhan Bəkirov da sənin didərgin saldığın zabitlərdən deyildimi?! Sübhan Bəkirov yoxlamanı düzgün aparmamışdısa, niyə saxlanc və anbar rəisləri həmin aktı imzalayıb razılaşırdılar, vaxtında narazılıqlarını bildirmirdilər?! Bəlkə sən onları arxayın etmişdin ki, onsuz da boş şeydir, heç nə olmayacaq? Bu idimi sizin kadr siyasətiniz? Niyə miçman rütbəli hərbi qulluqçunu ixtisasına aid olmadığı halda, müxtəlif ərazilərdə yerləşən 3 böyük saxlanca rəis təyin edirdiniz, niyə texniki əmlakdan ümumiyyətlə anlayışı olmayan yaşlı qadını saxlanc rəisi təyin edirdiniz?! Səbəbi bu deyildimi ki, belə vəziyyət sizə sərf edirdi, onların savadsızlığından, nəzarət edə bilməmələrindən istifadə edib əmlakları rahat talayasınız?!

Bildirmək istəyirəm ki, yoxlama başlayan ilk gündən işçilərinə hərbi hissədə baş verən qanunsuzluqlar barədə istintaqa heç bir məlumat verməmələrinə, "möhkəm olmalarına" dair tapşırıqlar verən, hər şeyin yaxşı olacağına dair boş vədlər verən, sonradan vəziyyət dəyişəndə isə özünün heç nədən xəbəri olmadığını, guya ona qarşı təxribat törədildiyini bildirən Şahin Sultanov hələ 2006-2007-ci illərdə salxanc rəisinin əmlak satması barədə ona məruzə olunanda qanunamüvafiq tədbir görsəydi, araşdırma aparılmasını təmin etsəydi, anbarlarda bu qədər çatışmazlıqlar yaranmazdı. Indi də əsas olmadan Dövlət Bayraq Meydanının tikintisi zamanı anbar binalarının guya icazəsiz sökülməsi nəticəsində əmlakın dağıntıların altında qalması, bu səbəbdən çatışmazlığın yaranması kimi nağıllar uydurmağa ehtiyac qalmazdı...

Mən daha susmayacağam

...Müraciətinizdə göstərirsiniz ki, guya göstərişinizlə mən məsul zabitlərə tapşırıq vermişəm, onlar araşdırıblar ki, Hərbi Prokurorluğun yoxlama aktında çatışmadığı göstərilən əmlaklar yerində imiş, dəyərləri də qat-qat az imiş. Niyə insanları aldadırsız, niyə özün-özününüzü təkzib edirsiniz, gah əmlakların binaların dağıntılarının altında qaldığını, gah da hamısının yerində olduğunu deyirsiniz?! Nəyə lazımdır, bu yalanlar, niyə hələ də hər şeyi etiraf etmək cəsarəti tapmırsınız, cinayət yolu ilə illərlə taladıqlarınıızı niyə öz sahibinə, dövlətə qaytarmaq istəmirsiniz?! Bu qədərmi əzizdir, mal-mülk sizin üçün azadlığınızdan?!

Şahin Sultanov, bilin ki, artıq heç kim sizin boş, yalan vədlərinizə inanmır. 5 aydır ki, mən susurdum. Niyə sizin cinayətlərinizə görə mən və mənim kimi daha neçələri əziyyət çəkməlidir? Mən də qərarımı vermişəm, bütün bildiklərimi, şahidi olduqlarımı istintaqa səmimi olaraq bildirəcəyəm.

Müavinindən vitse-admirala məsləhət

HDQ-nin balansında olan onlarla gəmi olduğu halda hər dəfə cəmi bir gəminin təmirindən danışırsan. Bəs nasaz vəziyyətdə olan, sizin ucbatınızdan aylarla təmir olunmasını gözləyən gəmiləri kimin ayağına yazaq? Əgər ayrılımş vəsaitlər vaxtında gəmilərin ehtiyat hissələrinə və təmir olunmasına, saxlanmasına ayrılsaydı HDQ-nin gəmiləri texniki vəziyyətdən saz vəziyyətdə olardı. Odur ki, indi də bütün bunlara görə tək biz yox, siz də cavab verməlisiz.

Sizin komandan olduğunuz 14 il ərzində nəinki, HDQ inkişafdan qalmış, hətta elə ciddi "yaralar" almışdır ki, yenidən özünə gəlib yüksəlişə keçməsi üçün hələ uzun illər lazım olacaq. Mən bu gün bütün hər şeyə rəğmən Respublika Hərbi Prokurorluğuna təşəkkür edirəm ki, HDQ-nin üzərindən sizin kimi qara ləkəni götürdü...

...Şahin Sultanov, keçmiş müavininiz kimi mənim sizə yeganə məsləhətim, mətbuatda boş-boş, əsassız qarayaxmalarla məşğul olmaqdansa, törətdiyiniz cinayətləri etiraf edərək dövlətə vurduğunuz milyonlarla manat maddi ziyanın ödənilməsinə çalışmağınızdır ki, bəlkə dövlətimiz qarşısında olan böyük günahlarının bir qismini yuya biləsiniz!!!

AzNews.az