Ana azyaşlı uşağı ilə küçədə yaşayır -VİDEO

25 Avqust 2014 12:45 (UTC+04:00)


ANS TV-nin məlumatına görə, Binəqədi rayonu Biləcəri qəsəbəsi Natiq Həşimi küçəsində bir ailədə baş verən münaqişə azyaşlı uşağın gecəni küçələrdə keçirməsinə səbəb olub. Hadisə zamanı ailə başçısı Şamil Manafov həyat yoldaşı Elza Balabəyova və övladı Müşfiqi evdən qovaraq onları əşyalarilə birgə küçəyə atıb.

Ana və oğlu artıq 5 günə yaxındır ki, evlərinin qarşısında yaşamağa məcbur olurlar. Balaca uşaq və onun anası bu müddət ərzində qonşuların köməkliyi ilə aclığa və susuzluğa qalib gələ biliblər. Hər kəs əlinə keçən yemək-içməyi bu insanlarla bölüşməyi özünə borc bilsə də, ailə başçısı üzərinə düşən vəzifəni yerinə yetirmək istəmir.

Elza Balabəyova müsahibə zamanı dedi ki, həyat yoldaşı qapını üzünə bağlayıb getsə də qaynatası evdədi. Ahıl yaşlı kişi isə nəvəsinin göz görə-görə günlərlə küçədə gecələməsinə biganə qalır.

Bir müddət keçəndən sonra isə hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin 6-ci polis bölməsinin əməkdaşları da gəldi. Polislər də ev sahibini nə qədər dilə tutsalar da, o qadını və uşağını içəri baraxmadı. Bu səbəbdən də Elza Balabəyova və onun azyaşlı uşağı izahatının alınması üçün polis bölməsinə aparıldı.

Bu müddət ərzində isə balaca Müşfiq ətrafdakı səs-küyə və ədalətsizliyə baxmayaraq artıq anasının qucağında şirin yuxuya getmişdi. Görəsən bu günahsız körpəyə belə acınacaqlı günlər yaşadan insanlar necə, gecə gözlərini yuman zaman şirin yuxuya gedə bilirlərmi?



AzNews.az