Şeyx üçün önəmli gün - 65 yaş

26 Avqust 2014 07:50 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, Şeyxin 65 yaşı tamam olur. A. Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində anadan olub.

İlk təhsilini yerli din adamlarından alan şeyx 1968-ci ildə Buxarada "Mir-Ərəba" mədrəsəsinə daxil olub. Ali ruhani təhsilini isə Daşkənd İslam Universitetində alıb.

A.Paşazadə 1975-ci ildən QMİ-nin məsul katibi, sədr müavini, "Təzə pir" məscidinin axundu olub. 1980-ci ildə QMİ sədri seçilib və Şeyx-ül-islam dərəcəsinə yüksəlib. 1992-ci ildə Azərbaycan, Dağıstan, Kabardin-Balkar, Gürcüstan, İnquşetiya, Çeçenistan, Qaraçay-Çərkəz və Adıgeyin din xadimləri tərəfindən Qafqaz xalqlarının Ali Dini Şurasının sədri seçilib. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.

Şeyx Azərbaycan xalqının çətin dövrlərində, xüsusən də 1990-cı ildə 20 yanvar hadisələrindən sonra yanında olub.

A.Paşazadə Azərbaycan tarixinin müxtəlif mərhələlərində situasiyaya təsir edə bilən kifayət qədər önəmli insan kimi yadda qalıb.

Azərbaycan dövləti də Şeyxin din, dövlət, millət və ölkədə stabilliklə bağlı fəaliyyətini yüksək qiymətləndirib.


Həm mərhum prezident Heydər Əliyev, həm də hazırkı dövlət başçısı İlham Əliyev Şeyxin qeyd olunan istiqamətlərdəki fəaliyyətini müsbət dəyərləndiriblər.

A.Paşazadə Azərbaycanın və bir çox xarici ölkələrin orden və medalları ilə təltif olunub.


AzNews.az