“Xədicə İsmayıl mənə böhtan atıb“ - Vəkil Elçin Sadıqov

26 Avqust 2014 15:23 (UTC+04:00)
Tanınmış vəkil Elçin Sadıqov son günlər barəsində yazılan yazılara geniş məqalə ilə cavab verib. AzNews.az həmin yazını təqdim edir:



Bəli, doğrudan da belədir - ifadə azadlığı hüququ təkcə müsbət qarşılanan, qeyri-aqressiv və ya neytral hesab olunan "məlumat" və ya "ideyaları" deyil, həm də dövlət üçün və ya əhalinin hər hansı qismi üçün aqressiv, şok yaradan və təşviş doğuran "məlumat" və ya "ideyaları" əhatə edir. Ancaq mənə qarşı son günlərdə aparılan qaralama kampaniyası bu çərçivə daxilində deyil, yalan olduğu aşkar olan bilgiləri yaymaqla bilavasitə məni qərəzli şəkildə gözdən salmağa xidmət edir.

***

Son 15 gündə ciddi qarayaxma kampaniyasına məruz qaldım. İki həftə ərzində ölkədə olmadığımdan, tərslikdən qolumu zədələdim, sarğıda olduğumdan cavab yazmaq imkanında olmadım. Nə yazıq ki, vəkillik karyeramın önəmli hissəsini jurnalistlərin, medianın hüquqlarının müdafiəsinə həsr etsəm də cavab haqqımı soran olmadı. Qərar verdim ki, hamısına bu yazı ilə cavab verim və işimə davam edim.
Öncə vurğulayıram ki, hüquqçuyam, vəkiləm, hər zaman öz peşəmi vicdanla həyata keçirmişəm. 2007-ci ildən Media Hüququ İnstitutu İctimai Birliyi ilə əməkdaşlığa başlamışam, son aylaradək bu qurumla əməkdaşlıq etmişəm. Azərbaycanda medianın, jurnalistlərin hüquqlarının sistemli və peşəkar müdafiəsinin əsasını qoymuşam. İndiyədək heç bir jurnalist mənə xidmətimin keyfiyyətindən və dönməzliyimdən narazılıq bildirməyib. Peşə keyfiyyətlərimlə bağlı kimsə irad bildirib xidmətimdən imtina etməyib. Hazırda da jurnalist haqları ilə bağlı demək olar ki, bütün işlərdə müdafiə işi tərəfimdən aparılır.
Hər şey ondan başladı ki, vətəndaş cəmiyyəti qurumlarının hazırladığı siyasi məhbus olduqları güman edilən şəxslərin siyahısı açıqlandı, siyahıya dəstək verən şəxslərin siyahısında həm mənim adım, həm də 2005-ci ildə təsis etdiyim və rəhbəri olduğum, bu günədək heç bir fəaliyyəti olmayan qeyri-hökumət təşkilatının adı da vardı. Mən heç kimə bu siyahıya dəstək razılığı bildirməmişdim, siyahının hazırlanmasında iştirak etməmişəm, heç bir müzakirəyə dəvət edilib, qatılmamışam da.
Mən o zaman bununla bağlı internet üzərindən rəyimi soruşan jurnalistə yalnızca bunları bəyan etdim ki, həmin siyahıya nə mən, nə də rəhbəri olduğum təşkilat dəstək verib. Hər şey o zaman başladı. Həm mənim adımdan istifadə edildi, həm də mənə qarşı ən çirkin qara kampaniya başlandı. Mənə hücumların ardıcıllığı belə idi:

- Jurnalist Xədicə İsmayıl vəkil olaraq mənim xidmətimdən imtina etdi. Halbuki, həmin vaxtı ümumiyyətlə mən onun vəkili deyildim. Xədicə xanım başqalarını da buna çağırdı. Onlarla tanınmış ictimai fiqurun bir arada olduğu şəbəkədə mənə böhtan atdı – Xədicə xanım təxminən belə yazdı ki, Elçin Sadıqov yenicə həbs olunmuş hüquq müdafiəçisi Rəsul Cəfərovun əleyhinə ifadə verib... Gümanlarıma görə, Xədicə xanımın və bir neçə başqa hörmətli jurnalist dostlarımızın təşviqi ilə həbsdə olan ictimai fəalların bir-birinin ardınca mənim vəkilliyimdən imtina etməsi barədə hörmətli Azadlıq qəzetində və başqa hörmətli media vasitələrində manşetlər atıldı. Bununla yanaşı, "Elçin Sadıqov, ümumiyyətlə MHİ və MHİ ilə əməkdaşlıq etmiş hər kəs hökumət qurumlarına işləyir, onlar hüquq müdafiəsi görüntüsü yaratmaqla məşğuldur" məzmunlu "donos"lar alan beynəlxalq qurumlardan məktublar aldım, həmkarlarımdan aldığım bilgilərə görə beynəlxalq səviyyədə qara məlumatlandırma işini də hörmətli Xədicə İsmayılova həyata keçirir... Bəzi sevimli vəkil dostlarım da bu kampaniyaya qoşuldu, onların təşviqi və "layk"ları ilə sosial mediada hədəfə alınmağıma çalışıldı. Bir neçə gün öncə isə güman etməyəcəyim baş verdi, "Azadlıq" qəzeti barəmdə mənə lap yaxşı məlum olan qurama "Azadə" imzası ilə təhqir məzmunlu yazı dərc etdi – guya mən jurnalistləri pulla müdafiə etmişəm, peşə prinsiplərinə xəyanət etmişəm, məqsədim müdafiə yox, məşhurlaşmaq olub, və müqayisəli aşağılamalar, təhqirlər...

***

Elə "Azadlıq" qəzetindəki yazıdan başlayıram. Təbii ki, barəmdə belə bir yazının yazılmasına görə min dəfə təəssüf edirəm. Mən bu qəzetə qarşı iddialara, şikayətlərə illərimi vermişəm. 2006-cı ildən bu yana "Azadlıq" qəzetinin ən azı 50 məhkəmə işini ən yüksək məhkəmə instansiyasınadək aparmışam. Qəzetin üzərinə təhqirə, böhtana görə qoyulmuş yüz minlərlə manat təzminatın ləğv olunmasına elə öz məhkəmələrimizdə nail olmuşam. Bu qəzetin cinayət təqibinə məruz qalmış baş redaktorundan, baş direktorundan tutmuş sıravi jurnalistinə qədər hamısının müdafiə yükünü MHİ-dəki həmkarlarımla birgə mən çəkmişəm. Davamlı maliyyə böhranı içində olan bu qəzetin məhkəmə işləri üçün dövlət rüsumlarını belə ödəmişik, qəzetə poçtalyonluq etmişik, hazırladığımız şikayət, iddiaları imzalatdırmaq üçün həftələrlə arxalarınca gəzmişik. Azərbaycanın müxalif düşüncə platformalardan biri kimi ifadə olunan bu qəzetin üzləşdiyi bütün hüquq pozuntularını başqa jurnalistlərin, qəzetlərin işlərində olduğu kimi fasilə vermədən ən yüksək səviyyədə, ən yüksək məhkəməyə aparmışıq. Bizi heç bir əsas olmadan "vicdansız hüquqi müdafiədə" ittiham edənlərə deyim ki, Avropa Məhkəməsi hələ ki, həmin işlərdən birinə (Qənimət Zahidin məhkəməyə qədər həbs işi) baxıb – Q.Zahidin hüquqlarının pozulduğu təsdiqlənib və hökumət buna görə jurnalistə 10 000 avro ödəyəcək. Əminəm ki, bütün işlər uduşlu işlər olacaqdır.

Başını "Azadə"nin tumanının altına soxan "Azadlıq"dakı kişi yazıb ki, Elçin Sadıqov jurnalistlərin müdafiəsinə məşhurluq naminə qoşulub. Mən məşhur olduğumu düşünmürəm, mən vəkiləm, peşə prinsiplərini tapdamayan vəkillər nə qədər tanınmışdırsa, mən də olsa-olsa onlar qədər tanınmışam. Və məni tanıdan əsas faktor məhz peşə prinsiplərinə sayğımdır. Tanınmışlığımda, mənə üz tutanların sayının çoxluğunda hüquqlarının pozuntusunun aradan qaldırılmasında faydalı olduğum vətəndaşların, sadə insanların rolu nə qədərdirsə, elə medianın, qəzetlərin rolu da o qədərdir. Əslində jurnalistlərin, medianın vəkili olmaq mənə basqılar gətirib, hədələr gətirib, tanımadığım şəxslərin barəmdə Vəkillər Kollegiyasına şikayətlərini gətirib, peşə fəaliyyətimə görə təhdidlər gətirib... Ancaq mən dözmüşəm.

Hazırda mənə ittihamların kökündə həm də o dayanır ki, hüquqlarını müdafiə etdiyim şəxslərin obrazını ifadə etməliyəm, onların həyatdakı rolunu oynamalıyam. Məni hüquqlarını müdafiə etdiyim şəxslərin şəxsiyyəti ilə eyniləşdirməyə çalışırlar, ifadə edirlər ki, müxalif düşüncəli insanları, hökuməti tənqid edən jurnalistləri müdafiə etdiyimdən mütləq onların roluna girməli, onların düşüncə və ideyalarını üstlənməliyəm. Bu yolverilməzdir. Vəkilin şəxsiyyəti heç bir halda müdafiə etdiyi şəxsin şəxsiyyəti ilə eyniləşdirilə bilməz. Vəkil olaraq kimsənin məni hüquqlarını müdafiə etdiyim oğru, adam öldürənin şəxsiyyəti ilə eyniləşdirməyə haqqı yoxdur, o cümlədən də yazısına görə həbs olunmuş jurnalistin, şərləndiyi iddia olunan siyasət adamının, hüquq müdafiəçisinin şəxsiyyəti ilə... Heç bir qanun və məntiq heç kəsə belə haqq verməyib. Mən bitərəfəm və siyasətlə heç vaxt məşğul olmamışam, indi də məşğul olmuram, məni peşəkar vəkil edən də müstəqilliyimdir. Bu proseslər məndə belə bir qənaət yaratdı ki, məni qınayanlar vəkillə hüquq müdafiəçisinin, hüquq müdafiəçisi ilə müxalif olmağın fərqini belə bilmirlər. Ömür boyu söz azadlığından danışanlar bir ifadəmə görə az qaldılar məni güllələsinlər. Budurmu sizin fərqli fikrə münasibətiniz? Budurmu sizin tolerantlığınız?
Belə məzmunlu yazılara sadəcə təəssüf edirəm. Daha çox da ona təəssüf edirəm ki, "Azadlıq" kimi qəzetdə başını "azadələrin" tumanında gizlədib quyruğunun fərqində olmayanların, aftafa ilə yuyulub-axıdılanların böhtan, təhqir məzmunlu cızma qaralarını hərdən yaymaq kimi çox pis təcrübəsi də var...

...

Mənə yönələn kampaniyada vəkil dostlarımın da rolu nəzərəçarpandır. Sosial mediadakı "layk"-"status", "status" – "layk" canfəşanlığı çevrəmizdəki hər kəsin gözü önündədir. Eyni zamanda jurnalist dostlarımızdan qulağımıza həmin peşə həmkarlarımın onları mənim əleyhimə yazılara təşviq etməsi haqda xəbərlər də çatır. Həmkarlarımdı, onların üzərində çox dayanmaq istəmirəm, sadəcə bir məqamdan başqa. Bu həm jurnalistikamızın yaddaşı üçün, həm də vəkil peşə prinsiplərinin tapdanmaz olduğunun vurğulanması üçün vacibdir. 2013-cü ilin sentyabrında jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin işində peşə prinsiplərinin toxunulmazlığı baxımından arzuolunmaz olay yaşandı. Mənim də vəkil olduğum həmin işdə təəssüf edirəm ki, siyasətbaz vəkil həmkarım hüquqlarını təmsil etdiyi jurnalistin əleyhinə xüsusi xidmət orqanı ilə əməkdaşlığa getmişdi. Bunu öncə mən, ardınca isə P.Həşimlinin özü ictimaiyyətə çatdırdı. Və məncə, ən pisi də odur ki, əməkdaşlığa getmiş, buna görə nüfuz zədəsi almış həmin həmkarım hər kəsin sayğısı olan son məhbusların işi vasitəsilə "bərpa" prosesinə başlayıb... Eyni zamanda mənə dəstək ifadə edən vicdanlı həmkarlarım da oldu, onlara təşəkkürlərimi çatdırıram.

***

Son günlərdə həbsdə olan gənclərin mənim vəkilliyimdən imtina etməsi haqqında kampaniya aparıldı. Bildiyim qədərilə, ətraf mühitdən təcrid edilmiş gənclər bunu kənardan onlara aparılan təbliğat sonucu ediblər. 2-3 gün öncə, həbsxanada, çöldə baş verənlərdən senzuralı xəbər tutan NiDA üzvü olan gənclərlə görüşdüm. Sualları vardı. Söhbətləşdik. İntellektual gənclər vəkilin statusu, vəkil peşəsi nədir, çox yaxşı anlayırlar, mənim xidmətimdən imtina etmədiklərini bildirdilər, onların hüquqlarının müdafiəsinə davam edəcəyəm. Gənclərdən Rəşadət Axundov xüsusilə Avropa Məhkəməsinə göndərdiyimiz şikayətlə ilgilənməmi istədi. Vəssalam...

***

Mənə qarşı kampaniyanın əvvəlində, ortasında, hər yerində hörmətli jurnalist Xədicə İsmayılova var. Xədicə xanımın çevrəsində olan elə bir jurnalist olmadı ki, məni haqsız aşağılamağa hesablanan yazı yazmasın. Avqustun 19-da Xədicə xanım və dostları ilə qəlyanaltı edən Elnur Astanbəyli həmən qələmə sarılıb, məni aşağılamağa çalışdı. Belə nümunələr təəssüf ki, xeyli çoxdur. Xədicə xanım açıqlamamdan dərhal sonra məndən və MHİ-dən imtina etdiyini açıqladı. MHİ imtinadan sonra Xədicə xanımın məhkəmə işləri ilə bağlı bütün sənədləri onun özünə təqdim etdi. Xədicə xanımın bütün işləri artıq Avropa Məhkəməsinə aparılıb. Bundan sonrakı mərhələni başqa vəkillər "aparacaq". Öncədən vurğulayıram ki, bundan sonrakı mərhələni işin detalları ilə bilgili olmayan vəkillərin aparması istər-istəməz keyfiyyət düşüklüyünə təsir edəcək. Sonra "işimi keyfiyyətlə aparmadılar" deməyin... Xədicə xanım bütün beynəlxalq təşkilatlara yazdı ki, MHİ və orda çalışanlar (bəzi məktublarda MHİ ilə əməkdaşlıq edən və etmiş bütün şəxslərin (hətta 2011-ci ildə MHİ ilə əməkdaşlıq etmişlər) adları sadalanır) hökumətə işləyir, onlarla əməkdaşlıq etməyin. Belə məktublar təbii ki, çox zərərli oldu. Azərbaycanda media yeganə sahə idi ki, hüququ pozulanlar müraciət etməyə, kömək istəməyə instansiya tapırdılar. Bu məktublar bu vasitəni sıradan çıxardı. Bravo! Bu gün İlqar Nəsibovun işi ilə bağlı kim getdi Naxçıvana? Ancaq, 2007-ci ildə İlqar Nəsibov və Məlahət Nəsibova basqılarla üzləşəndə vəkil kimi Naxçıvana mən getmişdim.
Mən ictimai maraq, ictimai fayda anlayışlarından xəbərdaram. Əgər Xədicə xanımın yazdıqlarında, yazdırdıqlarında ictimai maraq yükü olsaydı bu məsələlərin üzərinə heç getməzdim. Ancaq əminəm ki, mənə və əməkdaşlıq etdiyim MHİ-yə qarşı qaralamalarının məqsədi şəxsi maraqdır. Bir neçə ay öncə USAİD 2.4 milyon dollar həcmində qrant müsabiqəsi elan edib. Bildiyimə görə, 3 iddiaçı var - İREX və İnternyus təşkilatları. Hər iki təşkilat müsabiqəni udacaqları təqdirdə MHİ ilə əməkdaşlıq edəcəkdilər. 3-cü iddiaçı isə öz çevrəsi ilə hörmətli Xədicə xanım İsmayılovadır, araşdırma jurnalistikasının inkişaf etdirilməsi ilə bağlı layihə təklifi verib. Mən belə bir nəticə çıxarmaqla tamamilə haqlıyam ki, Xədicə xanımın mənim və əməkdaşlıq etdiyim MHİ-nin əleyhinə qaralama kampaniyasının məqsədi qrant müsabiqəsinin əsas iddialıları olan iki təşkilatın tərəfdaşsız qalması görüntüsünü yaratmaqla, öz layihəsinə əlavə şans qazandırmaqdır. İzah bu qədər sadədir. Ancaq vicdanlı mübarizədə, rəqabətdə bu ən son yollardandır...

İş orasındadır ki, Xədicə İsmayılovanın təkcə jurnalistlərə qarşı böhtan və təhqirə görə 4-5 iddiası var. Başqa çoxsaylı işləri ilə bərabər bütün bu işlərini də aparmışıq, artıq Avropa Məhkəməsindədir. Azadlıq qəzetində olduğu kimi, ona da poçtalyonluq etmişik, hüquqlarının qorunması üçün hüquqçunun edə biləcəyi hər şeyi etmişik. Xədicə xanım böhtanın, təhqirin nə olduğunu Azərbaycanda ən yaxşı anlayanlardan olmalıdır. Ancaq o, mənə böhtan atdı. Yazıb ki, mən Rəsul Cəfərovun əleyhinə ifadə vermişəm. Belə davranış bəlkə də sizin üçün önəmsiz ola bilər, ancaq mənim üçün çox önəmlidir. Əminəm ki, Xədicə xanım belə bir ifadənin olmadığından xəbərdardır, bilə-bilə qara yaxdığını da dəqiq bilir. Odur ki, Xədicə xanım bu yazdıqlarını təkzib etmək, üzr istəmək zorundadır. Özünə hörmət edən, jurnalist azadlığının sərhədlərinin harda başlayıb-harda bitdiyini bilməli olan qələm adamı bunu sübut etməli və ya ən azı bunu təkzib edərək, məndən üzr istəməlidir...

...Yazımın əvvəlində ifadə azadlığının önəmini, demokratiya quruculuğunda rolunu qeyd etdim. Sonda isə vurğulamaq istəyirəm ki, ifadə azadlığı mütləq deyil, bu azadlıqdan aşırı istifadə məhdudiyyətlərə, hətta bəzi hallarda cinayət təqibinə məruz qala bilər. İfadə azadlığı o zaman daha effektiv olur ki, hər kəsin ifadə azadlığına, şəxsi həyatına, nüfuzuna sayğı ilə yanaşılır. Odur ki, mən yalan olduğunu bilə-bilə məni aşağılayan, təhqir edən ifadələri ictimaiyyətə yayan Xədicə İsmayılovadan, "Azadlıq" qəzetindən, adını çəkmədiyim digər dostlardan təkzib, üzrxahlıq gözləyirəm.