Putin görüşü pozitiv, Poroşenko isə gərgin adlandırdı

27 Avqust 2014 08:03 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, V. Putin görüşü pozitiv və baş tutan danışıqlar kimi xarakterizə edib.

O deyib ki, prezidentlər arasında bu formatdakı görüşlər xeyirlidir:
"Əlbəttə, danışıqların necə bitəcəyi haqda heç nə deyə bilmərəm. Buna baxmayaraq, deyə bilərəm ki, danışıqlarda bizi narahat edən məqamlara toxunulub. Görüşdə razılaşdıq ki, Rusiya-Ukrayna-Avropa İttifaqı işçi qrupları formatında danışıqları sentyabrın 12-dək davam etdirək".

Ukrayna prezidenti Petr Poroşenko isə danışıqların gərgin keçdiyini deyib: "Müsbət məqam odur ki, görüşdə iştirak edən bütün tərəflər Donbasda sülh planını dəstəkləyiblər. Həmçinin, Rusiya ərazisində girov saxlanılan Ukrayna vətəndaşlarının sərbəst buraxılmasına dair də razılıq əldə olunub".

Məlumatda o da qeyd olunub ki, danışıqlar zamanı sərhəd qurumlarının məsləhətləşmələrə başlamasına dair də razılığa gəlinib. Bununla yanaşı sentyabrın 6-da enerji məsələsi ilə bağlı Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə Rusiya-Ukrayna danışıqlarının başlanmasına da qərar verilib.

Məhəmməd
AzNews.az