Qiymət artımının qarşısı necə almaq olar? – Ekspert rəyi

27 Avqust 2014 15:16 (UTC+04:00)


Paytaxt bazarlarında apardığımız müşahidələr zamanı meyvə-tərəvəzin qiymətindəki artımın şahidi olduq. Bostan bitkilərindən qarpız və yemişin, tərəvəzlərdən isə pomidor və xiyarın qiymətində kəskin artım müşahidə olunur.

Əvvəl kilosu 20 qəpiyə satılan qarpız indi 50 qəpikdir. Ötən ay pomidorun qiyməti 30-40 qəpik arasında dəyişirdisə, hazırda 1 kiloqram pomidor 80 qəpik və 1 manat arasında satılır. Artım qarpız, yemiş, badımcan, bibər, kartof, soğan və s. ilə yanaşı, mövsümə uyğun meyvələrin də qiymətində hiss olunur.

Bəs, kəskin qiymət artımının qarşını necə almaq olar? Qiymət artımının səbəbləri nədir?

Bu qəbildən olan suallara cavab tapmaq üçün iqtisadçı-ekspert Samir Əliyevlə əlaqə saxladıq.

Samir Əliyevin sözlərinə görə, qiymət artımının bir neçə səbəbi var: "Burada Rusiya məsələsi böyük önəm daşıyır. Rusiyanın Qərb ölkələrinə sanksiya tətbiq etməsindən sonra Azərbaycandan ərzaq idxalını artırması, yerli bazara böyük təsir edib. Bu qadağalardan sonra Rusiya bazarında 8.5 milyard dollar miqdarında bir boşluq yarandı. Bu boşluğu da qonşu ölkələr doldurmağa çalışır. Hazırda rayonlarda olan bazar qiymətləri ilə Bakıdakı qiymətlər arasında çox da böyük fərqlər yoxdur".


İqtisadçı-ekspert Samir Əliyev

"Kəndlilərə süni maneələr yaradılır"

Ekspert deyir ki, kəndlilərə qarşı yaradılan süni maneələr də qiymət artımına təsir edir: "Amma dediyim kimi, bu, tək səbəb deyil. Ənənəvi problemlər də var. Misal üçün kəndlilər öz məhsullarını istədikləri qiymətə sata bilmirlər. Onlar məhsullarını Bakıya gətirib, sata bilmirlər. Onlara müxtəlif yollarla süni maneələr yaradırlar. Rayonlarda emal müəssisələri tikilir, bəziləri artıq fəaliyyət göstərir. Bu, yaxşı haldır. Amma həmin emal müəssisələri kəndlilərə elə qiymət deyirlər ki, bu məbləğlər kəndliyə sərf etmir. Nə çəkdiyi zəhməti, nə də xərclədiyi pulu ödəmir. Nəticədə kəndlilər bu kimi çətinliklərlə üzləşir. Ya bir yol tapıb, məhsulu Bakıya gətirməyə çalışırlar, ya da məcbur qalıb, ucuz qiymətdən emal müəssisələrinə satırlar. Bütün bunlar qiymətlərin artmasına böyük təsir edir".

"Qiymət artımının qarşısını almaq üçün bir neçə yol var"

Samir Əliyev onu da qeyd etdi ki, qiymət artımının qarşısını almağın yolları da var: "Qiymət artımının qarşısını almaq üçün bir neçə yol var. İlk növbədə kəndlilərin bazara çıxışına şərait yaradılmalıdır. Süni maneələrə son qoyulmalıdır. İkinci yol isə dövlət tərəfindən satınalmadır. Dövlət qurumu ilə kəndli arasında razılaşma olur. Kəndli öz məhsulunu əkərkən artıq hansı qiymətə satacağını bilir. Bazarda qiymətin artıb-azalması, onun üçün artıq maraqsız hala çevrilir. Çünki o, öz məhsulunu artıq razılaşdığı qiymətə satmış olur. Dövlət bu satınalma variantını tətbiq etmək istəsə də, hələlik bu, yubanır. Bundan əlavə, subsidiya mexanizmləri təkmilləşdirilməlidir. Hər adama yox, istehsal olunan məhsula uyğun subsidiyaların verilməsi gündəmə gətirilməlidir".

musavat.com