“Neftçi”nin “partizanlığı”

30 Avqust 2014 08:08 (UTC+04:00)
"Neftçi" "Partizan"a dərs keçdi. Başa saldı ki, "partizanlıq" etmək necə olar. Böyükağaya bir dənə na russkom yazıke "afərin" Düşür. Yəni Molades! Niyə? Niyəsini dedim axı. Böyükağa müəllim "Partizan"a "partizanlıq" etməyin yolunu-yolacağını öyrətdi. Avroliqanın "pley-off"unda iki oyun oynanıldı, 8 qol görüldü, bu qolların beşini Böyükağa müəllimin yetirmələri vurdu. Özü də 5 qoldan 4-nü Belqradda vurdular. Nə olsun ki, iki qolu öz qapımıza vurdular. Zato vurdular, bax, əsl "partizanlıq" budur.

Düşmən elə bilir ki, qarşısındakı filan yerdən peyda olub, filan yeri partladacaq. Amma gözlədiklərinin əksi olur... Bu baxımdan "Neftçi"nin oyunçuları lap əfsanəvi Mixaylo kimidirlər...
Sırağagün Böyükağa müəllimin "Böyük"lüyünün üstündən böyük yük götürüldü. Rahat oturub ölkə çempionatında danışılmış oyunların nəticəsinə sevinə bilər. Yoxsa, qrupa düşüb qoca vaxtında səksəkə, vahimə, təlaş içində vurnuxacaqdı. Həyacandan şəkər-zad tapar, futbolumuz da bu şirinlikdən xarrana bilərdi. Hər halda, ürəyimizin dərin guşəsində saxladığımız minnətdarlıq hissini, ürəyimizin daha da dərin guşəsində gömməli olduq. Böyükağa müəllimə ünvanlayacaqdıq, qaldı növbəti mövsümə!
Yox, həmin minnətdarlıq hissini ürəyimizin dərin guşəsindən götürüb üst-üstə qoyub hamısını ünvanlayaq Qurban Qurbanova və "Qarabağa"a. QARABAĞda "Qarabağ"ın oyununu görmək arzusu ilə...