Texnikumların boş qalan plan yerlərinə ixtisas seçimi başladı

30 Avqust 2014 09:01 (UTC+04:00)


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, 11 illik bazadan texnikumların boş qalan plan yerlərinə ixtisas seçimi bu gün saat 9:00-dan sentyabrın 3-ü saat 23:59-dək internet vasitəsilə aparılır.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.tqdk.gov.az/erizebak internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Ərizəsini təsdiqləmək üçün abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

İxtisas seçimi elanı, boş qalan yerləri olan ixtisasların siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub. Jurnalı TQDK-nın binası yanındakı "Abituriyent" köşkündən almaq və yawww.abiturient.az saytından sifariş etmək olar.

AzNews.az