Binəqədinin icra başçısı məktəblərdə təftişə başladı

13 Sentyabr 2012 14:49 (UTC+04:00)
Binəqədi rayon İcra Hakimiyyətinin Başçısı Xaləddin İsgəndərovun tapşırığı ilə rayon ərazisində fəaliyyət göstərən məktəblərdəki təmir işləri və məktəblilərin ali məktəblərə qəbul imtahanında əldə etdiyi nəticələr araşdırılır. Bu barədə məlumatı rayonda təhsil işçilərinin konfransında İcra başçısı özü verib.

O bildirib ki, əsas məqsəd dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin müqabilində təhsil sahəsində əldə edilən uğurların öyrənilməsidir: "Mən tapşırıq vermişdim ki, hansı məktəbə nə qədər büdcə ayrılıbsa və nəticələri nədirsə, bunu öyrənsinlər. Həmçinin, torpaq sahələri, insanların yaşayış tərzləri ilə bağlı təhlillər aparılması ilə əlaqədar da tapşırıq vermişəm. Ola bilsin ki, məktəblərin nəticələri yüksəkdir. Ancaq mən dünyada elə bir ölkə tanımıram ki, təhsilə bu qədər qayğı göstərilsin".

E. Əlosmanqızı
AzNews.az