Suriyada döyüşən azərbaycanlı həbs edildi

3 Sentyabr 2014 17:17 (UTC+04:00)
Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı həbs edilib.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Mərdanov Maarif İrşad oğlu 9 ay Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edib. O, Suriyadan Türkiyəyə, oradan isə Azərbaycana gələrkən Gəncə hava limanında həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, bu gün hüquq müdafiəçisi Elçin Behbudov da M. Mərdanovla görüşüb. E. Behbudov APA-ya deyib ki, M. Mərdanov saxlanma şəraitindən və onunla rəftardan razılığını ifadə edib.

AzNews.az