Misir Mərdanov məktəb direktorlarına tapşırıqlar verdi

13 Sentyabr 2012 15:37 (UTC+04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov "Sabahın alimləri" II Respublika Müsabiqəsinin keçirilməsi ilə əlaqədar ümumi təhsil müəssisələrinin direktorlarına tapşırıqlar verib. Təhsil Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, müsabiqə gələn il fevralın 8-9-da Bakıda "Intel ISEF" - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək.

Müsabiqəyə hazırlıqla bağlı təhsil nazirinin imzaladığı əmrlə ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılıb ki, onlar kiçik akademiyaların fəaliyyətini gücləndirmək istiqamətində konkret tədbirlər görməli, ali təhsil müəssisələrinin alimləri ilə əlaqələri möhkəmləndirməli, bir ay müddətində şagirdlərin tədqiqat mövzuları və elmi rəhbərlərini müəyyənləşdirməlidir.

Müsabiqə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinə baxış keçirmək və ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib "Intel ISEF" - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ABŞ) göndərilməsini təmin etmək məqsədilə təşkil olunur.

AzNews.az